Azərbaycan Turizm Bürosu (ATB) 11–12 fevral tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində keçirilən 14-cü “MALT” (Meetings Arabia Luxury Travel) Konqresində təmsil olunur.
Dövlət Turizm Agentliyindən Finss.az-a verilən məlumata görə, konqres çərçivəsində Yaxın Şərq regionunda işgüzar tədbirlər və lüks turizm sahəsində fəaliyyət göstərən aparıcı mütəxəssislər bir araya toplaşaraq sənayenin aktual inkişaf istiqamətlərini müzakirə edir, yeni tərəfdaşlıqlar qurur və əməkdaşlıq perspektivlərini dəyərləndirirlər.
Tədbir müddətində Yaxın Şərqin turizm sənayesi nümayəndələri ilə 20 B2B formatlı görüş keçirilib, Azərbaycanın işgüzar turizm imkanları, lüks hotelləri, eləcə də biznes tədbirlərinin təşkili üçün mövcud infrastruktur və imkanlar haqqında məlumat verilib.
“MALT” Konqresi hər il Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçirilən və “QnA International” tərəfindən təşkil olunan nüfuzlu biznesdən-biznesə turizm və səyahət platforması kimi tanınır.
Bu beynəlxalq platforma işgüzar, korporativ və lüks turizm sahəsində fəaliyyət göstərən peşəkarları bir araya gətirərək, sektor üzrə əməkdaşlığın genişləndirilməsinə və yeni biznes imkanlarının formalaşdırılmasına şərait yaradır.
Fuad Mədətov
Finss.az





