2025-ci il ərzində Azərbaycanın aviasiya sektoru dayanıqlı inkişaf trayektoriyasını qoruyub saxlayıb, artan tranzit potensialı və beynəlxalq etimadın möhkəmlənməsi ilə xarakterizə olunub. Ölkənin hava məkanında 342 mindən çox uçuşa xidmət göstərilməsi, 2024-cü illə müqayisədə 10,5% artım aviasiya infrastrukturunun etibarlılığını və regional nəqliyyat qovşağı kimi mövqeyinin gücləndiyini nümayiş etdirir.
Finss.az Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidməti məlumatına əsasən xəbər verir ki, hava hərəkətinin ən intensiv dövrü yay aylarına təsadüf edib. 9 avqust 2025-ci il tarixində bir sutka ərzində 1 101 uçuş idarə olunub və tarixi rekord qeydə alınıb.
Uçuşların 76%-ni – 261 mindən çoxunu tranzit reyslər təşkil edib, tranzit uçuşlarda təxminən 14%-lik artım qeydə alınıb. Azərbaycan hava məkanından tranzit istifadə edən aparıcı qlobal aviaşirkətlər arasında “Turkish Airlines”, “Singapore Airlines”, “Cathay Pacific”, “Thai Airways” və “Lufthansa” yer alıb.
Heydər Əliyev Beynəlxalq Aeroportunda Sərnişin Axını
2025-ci il ərzində Heydər Əliyev Beynəlxalq Aeroportunda 7 milyon 640 mindən çox sərnişin xidmət alıb. Beynəlxalq istiqamətlər üzrə sərnişinlərin sayı 6 milyon 895 min, bu həcmin 51,2%-i xarici aviaşirkətlərin, 3 milyon 362 min sərnişin isə milli aviadaşıyıcının payına düşüb.
İl ərzində hava limanından 40 xarici aviaşirkət 75 beynəlxalq istiqamət üzrə reyslər həyata keçirib. Ən çox seçilən istiqamətlər İstanbul, Tbilisi, Dubay, Ankara və Moskva olub.
Eyni zamanda, aeroport üzərindən tranzit sərnişinlərin sayı 974 mindən çox olub, bu da 2024-cü ildə qeydə alınan 750 min göstəriciyə nisbətən təxminən 30% artım deməkdir.
Milli Aviadaşıyıcı AZAL üzrə Müsbət Dinamika
2025-ci ildə AZAL aviaşirkəti tərəfindən 4,16 milyon sərnişin daşınıb. Bakı – Naxçıvan istiqamətində sərnişinlərin sayı 735 min təşkil edib. Sərnişin dövriyyəsində 2%-lik artım qeydə alınıb, bu marşrut üzrə icra olunan uçuşların sayı isə 6% artaraq 7 min 261 uçuşa çatıb.
Aviasiya İnfrastrukturu və Beynəlxalq Mövqenin Möhkəmləndirilməsi
2025-ci il Azərbaycanın aviasiya tarixində mühüm strateji mərhələ kimi yadda qalıb. Üçüncü beynəlxalq aeroport – Laçın Beynəlxalq Hava Limanı istifadəyə verilib. Bu layihə regionun sosial-iqtisadi inkişafına və Qarabağın aviasiya xəritəsində mövqeyinin möhkəmlənməsinə mühüm töhfə verir.
Heydər Əliyev Beynəlxalq Aeroportu 2025-ci ildə “Skytrax World Airport Awards” çərçivəsində “Mərkəzi Asiya və MDB-nin ən yaxşı hava limanı” adına layiq görülüb və regionun lider hava limanı statusunu bir daha təsdiqləyib. Hava limanı, həmçinin “Airport Carbon Accreditation (ACA)” proqramı üzrə 3-cü səviyyə akkreditasiya, “ACI World” ASQ proqramında iştirak və “APEX in Safety” təhlükəsizlik qiymətləndirməsindən uğurla keçib.
“Azəraeronaviqasiya” Hava Hərəkatı İdarəsi (AZANS) beynəlxalq platformalarda mövqeyini gücləndirib. Qurum CANSO ANSP Sammiti və “Airspace World 2025” tədbirində iştirak edib, Böyük Britaniyanın NATS təşkilatı ilə strateji əməkdaşlıq, ICAO və digər aparıcı beynəlxalq ANSP-lərlə tərəfdaşlıq əlaqələrini genişləndirib. AZANS “ATM Awards 2024” mükafatı çərçivəsində “Collaboration and Community” nominasiyası üzrə qalib elan olunub.
Beləliklə, 2025-ci ilin nəticələri Azərbaycanın aviasiya sektorunun beynəlxalq inteqrasiya, təhlükəsizlik və strateji liderlik istiqamətində ardıcıl və sistemli inkişafını bir daha təsdiqləyir.
Fuad Mədətov
Finss.az




