2025-ci ildə AZAL aviaşirkəti tərəfindən 4,16 milyon sərnişin daşınıb, Bakı - Naxçıvan istiqamətində sərnişinlərin sayı 735 min təşkil edib.
Finss.az Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidməti məlumatına əsasən xəbər verir ki, sərnişin dövriyyəsində 2%-lik artım qeydə alındığı halda, bu marşrut üzrə icra olunan uçuşların sayı 6% artaraq 7 min 261 uçuşa çatıb.
2025-ci il Azərbaycanın aviasiya tarixində mühüm strateji mərhələ kimi yadda qalıb. İşğaldan azad edilmiş ərazilərdə inşa olunan üçüncü beynəlxalq aeroport – Laçın Beynəlxalq Hava Limanı istifadəyə verilib. Bu layihə regionun sosial-iqtisadi inkişafına və ölkənin aviasiya xəritəsində Qarabağın mövqeyinin möhkəmlənməsinə mühüm töhfə verir.
Həmçinin, Heydər Əliyev Beynəlxalq Aeroportu 2025-ci ildə “Skytrax World Airport Awards” çərçivəsində “Mərkəzi Asiya və MDB-nin ən yaxşı hava limanı” adına layiq görülüb, regionun lider hava limanı statusunu bir daha təsdiqləyib. Hava limanı, həmçinin “Airport Carbon Accreditation (ACA)” proqramı üzrə 3-cü səviyyə akkreditasiya əldə edib, “ACI World” tərəfindən “Airport Service Quality (ASQ)” proqramında iştirak etməyə başlayıb və “APEX in Safety” təhlükəsizlik qiymətləndirməsindən uğurla keçib.
Bu dövrdə “Azəraeronaviqasiya” Hava Hərəkatı İdarəsi (AZANS) beynəlxalq platformalarda mövqeyini əhəmiyyətli dərəcədə gücləndirib. Qurum CANSO ANSP Sammiti və “Airspace World 2025” tədbirində iştirak edib, Böyük Britaniyanın NATS təşkilatı ilə strateji əməkdaşlıq qurub, ICAO və digər aparıcı beynəlxalq ANSP-lərlə tərəfdaşlıq əlaqələrini genişləndirib. AZANS həmçinin “ATM Awards 2024” mükafatı çərçivəsində “Collaboration and Community” nominasiyası üzrə qalib elan olunub.
Beləliklə, 2025-ci ilin nəticələri Azərbaycanın aviasiya sektorunun beynəlxalq inteqrasiya, təhlükəsizlik və strateji liderlik istiqamətində ardıcıl və sistemli inkişafını bir daha təsdiqləyir.
Fuad Mədətov
Finss.az
