TURİZM

21 Yanvar

Azərbaycan hava məkanında uçuşların sayı 10,5% artıb

2025-ci ildə Azərbaycanın aviasiya sektoru dayanıqlı inkişaf trayektoriyasını qoruyub, artan tranzit potensialı və beynəlxalq etimadla diqqət çəkib.

Finss.az Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidməti məlumatına əsasən xəbər verir ki, ölkə hava məkanında 342 mindən çox uçuşa xidmət göstərilib, bu isə 2024-cü illə müqayisədə 10,5% artım deməkdir. Bu göstərici Azərbaycanın regional hava nəqliyyatı mərkəzi kimi mövqeyinin gücləndiyini göstərir.

Hava hərəkətinin ən intensiv dövrü yay aylarına təsadüf edib. Xüsusilə 9 avqust 2025-ci il tarixində bir sutka ərzində 1 101 uçuş idarə olunaraq tarixi rekord qırılıb.

Ümumilikdə uçuşların 76%-ni, yəni 261 mindən çoxunu tranzit reyslər təşkil edib. Tranzit uçuşlarda isə təxminən 14% artım qeydə alınıb. Azərbaycan hava məkanından tranzit istifadə edən aparıcı qlobal aviaşirkətlər arasında Turkish Airlines, Singapore Airlines, Cathay Pacific, Thai Airways və Lufthansa yer alıb.

Fuad Mədətov
Finss.az