Hatayda Son Antik dövrə aid mozaika tapıldı
Türkiyənin Hatay vilayətində 2023-cü il fevralın 6-da Kahramanmaraşda baş verən zəlzələ zamanı dağılan binanın yerində aparılan qazıntılar zamanı Son Antik dövrə aid döşəmə mozaikası tapılıb.
Finss.az xəbər verir ki, qazıntı aparılan Antakya rayonunun Maşuklu məhəlləsində tapılan tarixi mozaika üslubuna görə fərqlənir. Zəlzələdən sonra dağıntılar təmizlənib və ərazidə yenidənqurma məqsədilə tikinti işlərinə başlanılıb. Lakin binanın təməli üçün aparılan qazıntılar zamanı mozaika ilə örtülü sahə aşkar edildikdən sonra tikinti işləri dərhal dayandırılıb.
Bunun ardınca Hatay Arxeologiya Muzeyinin rəhbərliyi altında ərazidə xilasetmə qazıntılarına start verilib. Mart ayından etibarən aparılan qazıntılar nəticəsində üç fərqli sahədə döşəmə mozaikaları üzə çıxarılıb.
Arxeoloqların məlumatına görə, tapılan mozaika eramızın V–VI əsrlərinə (Son Antik dövr) aiddir. Uzunluğu 17,5 metr olan mozaika həndəsi naxışlarla bəzədilib və üzərində yunan dilində yazılar yer alır.
Qazıntı işlərinə rəhbərlik edən arxeoloq Ozan Demir bildirib ki, araşdırmalar iki arxeoloq və səkkiz işçinin iştirakı ilə davam etdirilir. Onun sözlərinə görə, mozaika tək parça halındadır və üzərində dövri bərpa izləri müşahidə olunur.
“Mozaikanın 2026-cı ildə muzeyə köçürülməsi planlaşdırılır. Memarlıq quruluşunu daha yaxşı anlamaq və arxeoloji məlumatları tam üzə çıxarmaq üçün ərazinin digər hissələrində də qazıntılar davam edəcək. Bu cür mozaikalar adətən adi yaşayış evlərində rast gəlinmir, bu da burada yüksək statuslu bir şəxsin yaşadığını göstərir”, – deyə Ozan Demir qeyd edib.
Arxeoloq Mert Nalbantoğlu isə mozaikanın bu qədər yaxşı qorunub saxlanılmasının və üzərində yazının olmasının elmi baxımdan böyük əhəmiyyət daşıdığını vurğulayıb. Onun sözlərinə görə, əsas mozaikadan əlavə, ərazidə aşkar edilmiş digər iki mozaika üzərində də tədqiqatlar aparılacaq.
Qeyd edək ki, Hatay bölgəsi zəngin tarixi və arxeoloji irsi ilə tanınır və bu tapıntı regionun qədim dövrlərdəki mədəni həyatına dair yeni məlumatlar əldə etməyə imkan verəcək.



