Azərbaycan və Çin arasında turizm əlaqələrinin inkişaf istiqamətləri müzakirə olunub
Çində keçirilən “CITM 2025” (“China International Travel Mart”) beynəlxalq turizm sərgisi çərçivəsində Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Çin Xalq Respublikasına səfər edib.
Dövlət Turizm Agentliyindən Finss.az-a verilən məlumata görə, səfər çərçivəsində Azərbaycan və Çin arasında turizm əlaqələrinin inkişaf istiqamətləri dekabrın 17-də Pekində Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev ilə Çinin Mədəniyyət və turizm naziri Sun Yeli arasında keçirilən görüşdə müzakirə olunub.
Tərəflər cənab Prezident İlham Əliyev və cənab Sədr Si Cinpinin səyləri ilə Azərbaycanla Çin arasında hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin qurulmasının bütün sahələr kimi turizm əlaqələrinin də inkişafına töhfə verdiyini qeyd ediblər.
Görüşdə çıxış edən Fuad Nağıyev Azərbaycan və Çin arasında son illərdə turizm əlaqələrinin dinamik və yüksələn xətlə inkişafını qeyd edərək viza rejiminin qarşılıqlı aradan qaldırılmasının turist axınına müsbət təsirini vurğulayıb.
Agentlik sədri Azərbaycanın turizm potensialının Çində tanıdılması məqsədilə aparılan genişmiqyaslı marketinq və tanıtım kampaniyalarının davam etdiriləcəyini bildirərək Azərbaycanın Çində turizm nümayəndəliyinin açılmasının planlaşdırıldığını qeyd edib.
O həmçinin “China Ready” proqramı və ötən ay Bakıda keçirilən “China Visitors Summit” tədbiri haqqında məlumat verib.
Çinin Mədəniyyət və turizm naziri Sun Yeli Azərbaycan-Çin əlaqələrinin inkişafı və turizm sahəsində birgə fəaliyyətin önəmini qeyd edib. Nazir Azərbaycan turizm bazarının çinli turistlər üçün maraqlı olduğunu vurğulayıb.
Görüşdə Azərbaycan nümayəndə heyətinin tərkibində Çin Xalq Respublikasında fövqəladə və səlahiyyətli səfir Bünyad Hüseynov da iştirak edib.
Azərbaycanın turizm imkanlarının tanıdıldığı “CITM 2025” sərgisində milli stenddə ölkəmiz Azərbaycan Turizm Bürosu, “Azərbaycan Hava Yolları” QSC, "Şahdağ" Turizm Mərkəzi və digər yerli tərəfdaşlarla təmsil olunub. Sərgi çərçivəsində Azərbaycan milli stendi “Ən yaxşı stend” nominasiyasına layiq görülüb.
Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev sərginin açılış mərasimində iştirak edib.
Həmçinin sərgi çərçivəsində Azərbaycan stendini ziyarət edən Çin Xalq Respublikasının Mədəniyyət və turizm nazirinin müavini Gao Zheng və BMT Turizmin Baş katibi Zurab Pololikaşvili ilə Fuad Nağıyev arasında görüş keçirilib.
Fuad Mədətov
Finss.az









