Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Turizm Təşkilatı (UNWTO) məlumatına görə, hər il dünyada 300–330 milyon insan dini və mənəvi məqsədlərlə səyahət edir və müqəddəs məkanları ziyarət edir.
Finss.az xəbər verir ki, inanc turizmi, insanların dini təcrübələrdə iştirak etməsinə, ziyarət və həcc səfərləri vasitəsilə mənəvi rahatlıq tapmasına imkan verir. Son illərdə fərdiləşdirilmiş dini təcrübələrə marağın artması, bu sahənin inkişafını sürətləndirib və yaxın illərdə artımın davam edəcəyi proqnozlaşdırılır.
Tarix boyu müxtəlif mədəniyyətlərə ev sahibliyi etmiş Türkiyə, xüsusilə xristian irsinə əsaslanan inanc marşrutları ilə diqqət çəkir. Bu marşrutlar, ziyarətçilərə dini baxımdan əhəmiyyətli məkanları görmək imkanı verir. Papa XIV Leonun ilk beynəlxalq səfər etdiyi İznik, erkən dövrlərə aid qaya kilsələri ilə tanınan Kapadokya və Müqəddəs Nikolay Kilsəsinin yerləşdiyi Antalya, xristian səyahətçilər üçün əsas istiqamətlərdəndir.
Vəhyin Yeddi Kilsəsi Marşrutu
Bu gün də mühüm ziyarət məkanları kimi fəaliyyət göstərən və Türkiyənin Egey bölgəsində, müasir İzmir, Manisa və Denizli ərazilərini əhatə edən Vəhyin Yeddi Kilsəsi marşrutu, Milad dövründə mənəvi səyahət üçün diqqətçəkən istiqamət təqdim edir. Rəvayətə görə, bir vəhy zamanı İsa Məsih Müqəddəs Yəhyaya bu qədim kilsələrə məktublar yazmağı tapşırıb. Məktublarda hər bir kilsə və icmaya öz fəaliyyətlərini düzgün istiqamətə yönəltmələri üçün xüsusi mesajlar verilib.
Marşrut boyunca qədim şəhərlərin və kilsələrin qalıqları qorunub saxlanılır, bəziləri müasir Türkiyə şəhər həyatının bir hissəsinə çevrilib. Marşrut, dini əhəmiyyətinin yanında, Egey bölgəsinin mədəni irsi, sakit təbiət mənzərələri və özünəməxsus mətbəx ənənələrini tanımaq imkanı təqdim edir.
İzmir: Efes, Smirna və Perqamon
Mənəvi səyahətə İzmirin Efes qədim şəhərindən başlamaq mümkündür. UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş Efes, mühüm Roma şəhəri kimi tanınır və xristianlığın erkən yayılmasında rol oynayıb. Həzrəti Məryəmin Evi, Müqəddəs Yəhya Bazilikası və Yeddi Yatanlar Mağarası ziyarət üçün vacib məkanlardır.
İzmir üzrə ikinci dayanacaq Smirnadır. Qədim Smirna bu gün əsasən müasir İzmir şəhəri ilə birləşsə də, Kemeraltı ərazisində aqorası qorunub saxlanılıb və tapıntılar İzmir Arxeologiya Muzeyində nümayiş olunur.
Son dayanacaq isə UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş Perqamondur. Burada Qırmızı Bazilika (Serapis Məbədi) və Asklepion kimi antik dünyanın əhəmiyyətli abidələri mövcuddur. Berqama Muzeyinin ziyarəti də tövsiyə olunur.
Manisa və Sardis
Marşrutun növbəti dayanacağı Manisadır. Burada Tiatira kilsəsi, UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş Sardis, hamam-gimnaziya kompleksi, akropol və Artemida Məbədi turistlərin ziyarət edə biləcəyi əhəmiyyətli məkanlardır. Marşrut üzrə son dayanacaq Filadelfiyadır. Müqəddəs Yəhya Kilsəsinin qalıqları Alaşehir şəhərinin altında qorunub saxlanılıb.
Denizli və Laodikiya
Son məktub, müasir Denizli yaxınlığındakı Laodikiya kilsəsinə ünvanlanıb. Laodikiya, eramızdan əvvəl III əsrdə II Antiok tərəfindən həyat yoldaşı Kraliça Laodikenin şərəfinə salınıb. Burada kilsə qalıqları, Anadolunun ən böyük stadionu, teatrlar, aqoralar və digər tarixi tikililər mövcuddur.
Qədim şəhərin ziyarətindən sonra Hierapolis və Pamukkale travertinləri, UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş məkanlar kimi tövsiyə olunur.
Fuad Mədətov
Finss.az




