TURİZM

18 Dekabr

Azərbaycanda qış turizm mövsümü açıq elan olunub

Qış turizmi mövsümünün açılışı ilə əlaqədar 18–19 dekabr tarixlərində Dövlət Turizm Agentliyinin tabeliyində fəaliyyət göstərən “Şahdağ” Turizm Mərkəzinə iki günlük mediatur təşkil edilib.

Finss.az xəbər verir ki, mediaturun məqsədi Azərbaycanda qış turizminin təşviqi, “Şahdağ” Turizm Mərkəzinin qış mövsümünə hazırlığı, qonaqlara təqdim olunan turizm məhsullarının tanıdılması, eləcə də kompleksdə həyata keçirilən işlər və yeniliklər barədə ictimaiyyətin məlumatlandırılmasıdır.

Tədbir çərçivəsində media nümayəndələrinə “Şahdağ” Turizm Mərkəzinin 2025-ci il üzrə fəaliyyətinə dair video-təqdimat nümayiş olunub, həmçinin kompleksdə aparılan yenidənqurma və infrastruktur layihələri haqqında ətraflı məlumat verilib.

Tədbirdə çıxış edən “Şahdağ” Turizm Mərkəzi QSC-nin sədri Rüstəm Nəcəfov bildirib ki, 2025-ci ilin 1 yanvar – 15 dekabr tarixləri ərzində mərkəzi ziyarət edənlərin sayı 300 mindən çox olub.

Onun sözlərinə görə, qış turizm mərkəzinin genişləndirilməsinin beşinci mərhələsi çərçivəsində qış mövsümünün sonuna qədər 2 lift bazasının və 76 ədəd qar generatorunun quraşdırılması, ümumi uzunluğu 7070 metr olan yeni xizək yamaclarının inşası, 150 min kubmetr tutumlu su anbarının tikintisi26 nömrəli kanat xəttinin istifadəyə verilməsi nəzərdə tutulur. Bu layihələr gələcəkdə xizək infrastrukturunun inkişafına xidmət edəcək.

Rüstəm Nəcəfov son iki ildə “Şahdağ”ın yalnız istirahət mərkəzi deyil, eyni zamanda yerli və beynəlxalq səviyyəli idman yarışlarının keçirildiyi nüfuzlu məkana çevrildiyini vurğulayıb. O qeyd edib ki, kompleksdə beynəlxalq yarışların təşkili üçün 500 nəfərlik FİS (Beynəlxalq Xizək və Snoubord Federasiyası) stadionu inşa edilib.

Bildirilib ki, 2026-cı ilin qış mövsümündə “Şahdağ” Dağ Xizəyi üzrə Azərbaycan Çempionatına, Xizək Alpinizmi üzrə Avropa Çempionatına və Dünya Kubokuna, eləcə də “Mogul” üzrə Dünya Kubokunun final mərhələsinə ev sahibliyi edəcək.

İki günlük mediatur çərçivəsində jurnalistlər mərkəzdə qonaqlara təqdim olunan xidmətlərlə tanış olub, xizək və snoubord avadanlıqları, kanat yolları, müxtəlif atraksionlar və qış əyləncələrindən istifadə ediblər. Media nümayəndələrinə həmçinin ilboyu xizək sürmək imkanı yaradan xüsusi simulyatorlar nümayiş olunub.

Qeyd edək ki, bu günə qədər həyata keçirilən işlər nəticəsində “Şahdağ” Turizm Mərkəzində kanat xətlərinin sayı 15-ə, müxtəlif çətinlik dərəcəsinə malik xizək yamaclarının sayı 37-yə, onların ümumi uzunluğu isə 45 km-ə çatdırılıb. Xizək sürməyə yeni başlayanlar üçün 6 konveyer tipli yol salınıb, yamacların qarla təmin edilməsi məqsədilə 600 ədəd qar generatoru quraşdırılıb. Bununla yanaşı, qış və yay mövsümlərində fəaliyyət göstərən əyləncə və attraksionların sayı 40-a, iaşə obyektlərinin sayı isə 64-ə çatdırılıb.

Fuad Mədətov
Finss.az