TURİZM

12 Dekabr

Oman Air 2026-cı ildə Rusiyaya uçuşların sayını artıracaq

Finss.az xəbər verir ki, Federal Hava Nəqliyyatı Agentliyi (Rosaviasiya) Oman Air aviaşirkətinin 2026-cı ildən etibarən Rusiyaya uçuş şəbəkəsini genişləndirməyi planlaşdırdığını açıqlayıb. Şirkət Moskvaya reyslərin tezliyini artırmağı, həmçinin Yekaterinburq, Sankt-Peterburq və Soçi şəhərlərinə yeni birbaşa uçuşlar açmağı nəzərdən keçirir.

Hazırda Oman Air 2025–2026-cı illərin qış mövsümündə Sultanlığın paytaxtı Maskatdan Moskvanın Şeremetyevo hava limanına gündəlik müntəzəm reyslər həyata keçirir. Bundan əlavə, dekabr ayının sonunda Omanının Salalah şəhərindən Moskvaya yeni marşrutun açılması nəzərdə tutulur. Bu istiqamət üzrə çarter proqramı həftədə iki uçuşla icra olunacaq.

Rosaviasiyanın məlumatına görə, Oman ilə Rusiya arasında turizm əlaqələrinin gücləndirilməsi gündəmdədir. Xüsusilə Kazan, iki ölkə arasında dini turizmin inkişafı üçün perspektivli istiqamət kimi qiymətləndirilir.

Rusiya-Oman hava əlaqələrinin genişləndirilməsi məsələləri Rosaviasiya rəis müavini Aleksey Bueviç və Oman Air-in Asiya-Sakit okean regionu və Rusiya üzrə regional nümayəndəsi Dmitri Kaparulin arasında keçirilən görüşdə müzakirə olunub.