Dövlət Turizm Agentliyinin (DTA) təşkilatçılığı ilə media nümayəndələrinin Şəkiyə səfəri bölgədə turizm imkanlarının ictimaiyyətə çatdırılması məqsədilə həyata keçirilib.
Finss.az xəbər verir ki, səfər çərçivəsində jurnalistlər bölgədəki turist infrastrukturu, aqroturizm layihələri və ənənəvi sənət sahələri ilə yaxından tanış olublar.
Aqroturizm və ekoloji təsərrüfatlar
Media nümayəndələri Öyrət kəndində yerləşən “BioGarden” ekoaqro turizm təsərrüfatında olub. Səkkiz hektar ərazini əhatə edən bağda üç mindən çox meyvə ağacı və arıçılıq təsərrüfatı fəaliyyət göstərir. Təsərrüfat 2010-cu ildən biznes turizmi sahəsində fəaliyyət göstərir və əsas məqsədi Azərbaycanın şimal-qərb bölgəsində aqrobio müxtəlifliyin inkişafına nail olmaqdır. Burada həmçinin ekoloji təmiz kənd təsərrüfatı məhsulları istehsal olunur, milli yeməklər təqdim edilir və aqroturizm imkanları genişləndirilir.
Şəkinin qədim sənət sahələrindən biri olan ipəkçiliklə tanışlıq üçün media nümayəndələri “Azəripək” ASC-yə səfər ediblər. Müəssisədə baramaaçan, burucu, toxucu və boyaq-bəzək istehsalatları, həmçinin çəşidləmə və xalça sexləri fəaliyyət göstərir. Burada istehsal olunan yüksəkkeyfiyyətli 100% təbii ipək, kəlağayı, şərf və digər ipək məhsulları xarici ölkələrə ixrac olunur.
“Azəripək”də baramaaçan sahəsində quraşdırılmış müasir avadanlıqlar sayəsində əmək məhsuldarlığı artıb, istehsal prosesi daha stabil və səmərəli olub. İstehsalat meneceri Əsabəli Nəzərov bildirib ki, 120 ton quru barama ehtiyatı ilə müəssisə fasiləsiz işləyir və bu, barama mövsümünə qədər davam edəcək.
Ənənəvi sənət və kulinariya
Media tur çərçivəsində jurnalistlər Şəkidə sənətkarlarla da görüşüb, məşhur Şəki halvasının hazırlanması və ənənəvi dulusçuluq sənəti ilə tanış olublar. Halvaçı Xosrov Qafarov və dulusçu Əhəd Məmmədov öz sahələrindəki incəlikləri, məhsul çeşidlərini və istehsal prosesi haqqında məlumat veriblər.
Dekabrın 3-də media nümayəndələrinin Şəki “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğuna səfəri planlaşdırılıb.
Turizm sektoru və regionun inkişafı
DTA-nın Şəki Regional Turizm İdarəsinin rəisi Şahin Məlikov jurnalistlərə açıqlamasında bildirib ki, agentlik qiymət siyasətinə müdaxilə etmir və bazar iqtisadiyyatı şəraitində xidmət qiymətləri tələb və təklifə uyğun formalaşır. Ş.Məlikov əlavə edib ki, bu il Şəkidə hotellərdə gecələmə sayı 21 mindən çox olub, 11 ay ərzində isə 17 mindən artıq turist yerləşib.
Hazırda Şəkidə 42 yerləşmə müəssisəsi fəaliyyət göstərir, onların ümumi nömrə fondu 830-dan artıqdır. Bunlardan 14 otel auditdən keçərək ulduz sertifikatına layiq görülüb: 1 beş ulduzlu, 6 üç ulduzlu və 1 iki ulduzlu. Digər müəssisələr isə meyarları tamamladıqdan sonra sertifikat ala bilərlər.
Ş.Məlikov turizm sahəsinin məşğulluğa təsirinə də diqqət çəkib: “Turizm dəyər zənciri çərçivəsində 35-40 fəaliyyət sahəsi faydalanır və yüzlərlə insan bu sahədə çalışır. Yerləşmə obyektləri, ictimai iaşə məkanları, aqroturizm təsərrüfatları və icma əsaslı turizm subyektləri məşğulluğun artırılmasına töhfə verir.”
O, həmçinin sahibkarlığın təşviqi üçün dövlət tərəfindən aşağı faizli kreditlərin təqdim olunduğunu, turizm fəaliyyətinə dair lisenziya və icazələrin ləğv edildiyini qeyd edib. Regionun tanıdılması məqsədilə info-turlar və təlim proqramları həyata keçirilir, gələcəkdə isə aqroturizmlə bağlı xüsusi təlimlərin təşkili planlaşdırılır.
Şəkidə turizm infrastrukturu sürətlə inkişaf edir, aqroturizm və ənənəvi sənət sahələri turistlər üçün cəlbedici imkanlar yaradır. Şəki həm qədim ipəkçilik və sənət ənənələrini qoruyur, həm də müasir texnologiya ilə birləşdirərək regionun turizm potensialını artırır.
Fuad Mədətov
Finss.az





















