TURİZM

02 Dekabr

AZAL-ın təyyarələrində multimedia əyləncə sistemi yenilənib

Finss.az -  2 dekabr 2025-ci il, Bakı Azərbaycanın milli aviadaşıyıcısı AZAL göstərdiyi xidmətləri təkmilləşdirmək məqsədilə təyyarələrində yenilənmiş multimedia əyləncə sistemini istifadəyə verib.

Yenilənmiş platforma hər bir uçuşu komfortlu səyahətlə yanaşı, həm də Azərbaycan və dünya mədəniyyətini əhatə edən maraqlı macəraya çevirir.

Sərnişinlər Hollivudun ən son filmlərindən tutmuş, dünya kinematoqrafiyasının məşhur ekran əsərlərinə qədər geniş film kataloqundan yararlana bilərlər. Filmlərə Azərbaycan dilində altyazıların əlavə edilməsi məzmunun daha əlçatan olmasına xidmət edir.

Platformada milli filmlərə də xüsusi yer ayrılıb. Azərbaycan rejissorlarının bədii və sənədli filmləri sərnişinlərə ölkənin mədəniyyətini, tarixini və müasir həyat tərzini yaxından tanımaq imkanı yaradır.

AZAL sərnişinlərinə maksimum rahatlıq təqdim etmək və onları yeni kəşflərə ruhlandırmaq missiyasına daima sadiq qalır.

AZAL ilə səyahət edərkən siz həm şəhər və ölkələri, həm də dünya kinosunun ən parlaq nümunələrini və Azərbaycan sənətinin incilərini kəşf edirsiniz.

AZAL-ın uçuş cədvəli və digər xidmətləri haqqında aviaşirkətin rəsmi saytımobil tətbiqi vasitəsilə ətraflı məlumat əldə edə bilərsiniz.

“Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidməti