Oktyabrın 29-da Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Şəkidə İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) üzv dövlətlərinin İpək Yolu üzrə İşçi Qrupunun 1-ci iclası işinə başlayıb.
Finss.az xəbər verir ki, tədbirdə təşkilata üzv ölkələrdən ekspertlər və dövlət qurumlarının təmsilçiləri iştirak edərək İpək Yolu turizmi üzrə əməkdaşlıq perspektivlərini müzakirə ediblər.
İclasın gündəliyi aşağıdakı məsələləri əhatə edib:
- İşçi qrupun fəaliyyət və məqsədləri
- Tarixi İpək Yolunun turizm potensialından istifadə
- Gənclər və tələbələr üçün mübadilə proqramları
- Üzv ölkələr arasında birgə turizm paketlərinin yaradılması
- Brendinq və təbliğat təşəbbüsləri
- İƏT-in İpək Yolu üzrə onlayn platformasının və illik forumunun təşkili
- İpək Yolu irsinin qorunması və turizmin davamlı inkişafına töhfəsi
Təqdimatlar çərçivəsində Azərbaycanda İpək Yolu turizminin inkişaf konsepsiyası, qastronomik təcrübələr, eləcə də Azərbaycan və Özbəkistan arasında imzalanmış Anlaşma Memorandumunda nəzərdə tutulan tədbirlər ətraflı təqdim edilib.
Qeyd edək ki, İƏT İpək Yolu üzrə İşçi Qrupu 2025-ci ilin fevral ayında Tehran, İran İslam Respublikası şəhərində təşkil edilən Turizm Komitəsinin toplantısı çərçivəsində yaradılıb. Bu iclas isə üzv dövlətlər arasında əməkdaşlığı gücləndirmək və İpək Yolu turizminin inkişafı üçün strateji istiqamətləri müəyyən etmək məqsədi daşıyır.




