TURİZM

16 Sentyabr

“Formula 1” dövründə turistlərin xərcləri 2 dəfədən çox artıb

2024-cü ildə Bakıda keçirilən “Formula 1 Azərbaycan Qran-prisi” ölkənin turizm sektoruna güclü iqtisadi təsir göstərib.

Finss.az xəbər verir ki, bu barədə “Mastercard”ın Azərbaycan üzrə ölkə meneceri Emil Zeynalov beynəlxalq idman tədbirlərinin ölkə iqtisadiyyatına təsiri ilə bağlı keçirilən mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, yarışlar zamanı Azərbaycana gələn turistlərin xərcləmələri əvvəlki illə müqayisədə 85 faiz artıb.

E.Zeynalov qeyd edib ki, turistlərin sayı 87%, dövriyyə həcmi 85%, əməliyyat sayı isə 77% yüksəlib. Ən çox artım otel və restoran xidmətləri sahəsində qeydə alınıb: otellərə edilən xərclər 127%, restoran xərcləri isə 141% artıb.

Xüsusilə, Türkiyədən gələn turistlərin otel xərcləri üç dəfə, Böyük Britaniyadan gələnlərin restoran xərcləri isə dörd dəfə artaraq diqqət çəkib. Bu, beynəlxalq idman tədbirlərinin ölkə iqtisadiyyatı və xidmət sektoruna nə dərəcədə müsbət təsir göstərdiyini nümayiş etdirir.

2024-cü il ərzində Azərbaycana 178 ölkədən turist gəlib. Ən çox turistlər Türkiyə, BƏƏ, Böyük Britaniya, Qazaxıstan və Səudiyyə Ərəbistanından olub. Qazaxıstandan gələn turistlər daha çox premium seqment kateqoriyasında qiymətləndirilir, çünki onların orta xərcləri digərlərindən yüksəkdir.

Turistlərin əsas xərcləri hotel-gecələmə xidmətlərinə yönəlib – orta hesabla bir gecə üçün 133 ABŞ dolları ödənilib. Daha sonra restoran, geyim və gözəllik sektoru xərcləmələrdə ön plana çıxıb.

E.Zeynalov bildirib ki, “Formula 1” kimi beynəlxalq idman tədbirləri yalnız yarış yox, həm də ölkə üçün iqtisadi fürsət və rəqəmsallaşma imkanları yaradır.

Fuad Mədətov
Finss.az