TURİZM

29 İyul

Azərbaycanda mehmanxana və mehmanxana tipli obyektlərin gəlirləri artıb

2025-ci ilin yanvar-iyun aylarında Azərbaycanda mehmanxana və mehmanxana tipli obyektlərin gəlirləri 2024-cü ilin eyni dövrü ilə müqayisədə 9,2 faiz artaraq 290 milyon manat təşkil edib.

Finss.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, gəlirlərin 60,4 faizi nömrə (otaq) xidmətlərindən, 27,5 faizi ictimai iaşə xidmətlərindən, 3,2 faizi müalicə və sağlamlıq xidmətlərindən, 8,9 faizi isə digər xidmətlərin göstərilməsindən əldə olunub.

Eyni dövrdə mehmanxana və mehmanxana tipli obyektlərin birdəfəlik tutumundan istifadə səviyyəsi ölkə üzrə 21,4 faiz olub. Bu göstərici 2024-cü ilin yanvar-iyun ayları ilə müqayisədə azacıq artaraq 21,1 faizdən 21,4 faizə yüksəlib.

Ən yüksək tutum səviyyəsi Şabranda 51,5 faiz, Naftalanda 40,2 faiz, Bakıda 34,1 faiz, Qusarda 31,6 faiz, Sabirabadda 27,4 faiz, Qəbələdə 22,1 faiz olub. Digər bölgələrdə isə tutum aşağı səviyyədədir: Bərdədə 19,5 faiz, Lənkəranda 17,9 faiz, Şamaxıda 17,4 faiz, Qubada 17,1 faiz, Biləsuvarda 16,3 faiz, Beyləqanda 16 faiz, Ağstafada və digər şəhər-rayonlarda 15,8 faizdən aşağıdır.

Fuad Mədətov
Finss.az