TURİZM

05 İyun

Azərbaycan BMT Turizmin Avropa üzrə Regional Komissiyasının rəhbərliyinə namizədliyini irəli sürəcək

Azərbaycan, 2025–2029-cu illər dövrü üzrə BMT Turizmin Avropa üzrə Regional Komissiyasının rəhbər orqanına üzvlük üçün namizədliyini irəli sürəcək.

Finss.az xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, qurumun 71-ci iclasında çıxışı zamanı məlumat verib.

“Azərbaycan 2001-ci ildən etibarən BMT Turizmin Avropa üzrə Regional Komissiyasının üzvüdür və bu illər ərzində turizm sektorunda mühüm uğurlar əldə etmişik. İndi isə ölkəmiz 2025–2029-cu illər üçün rəhbər orqana seçilmək niyyətindədir”, – deyə Fuad Nağıyev bildirib.

Agentlik rəhbəri qeyd edib ki, son illər Azərbaycan turizm təsnifatlarını və inkişaf planlarını işğaldan azad edilmiş ərazilərə də tətbiq edib. Bu yanaşma, turizm sektorunun bərpa və yenidənqurma prosesinə inteqrasiyası baxımından mühüm addım kimi qiymətləndirilir.

“Azərbaycan həm də Avropa ilə regionu birləşdirən bir turizm qovşağıdır. Bu coğrafi və strateji mövqe ölkəmizin turizm baxımından potensialını daha da artırır”, – deyə Nağıyev vurğulayıb.

Fuad Nağıyev çıxışında qeyd edib ki, COP29 tədbirinin Azərbaycanda keçirilməsi ölkəyə marağı xeyli artırıb və bu, turist axınında nəzərəçarpacaq artıma səbəb olub.

“COP29-un ev sahibliyi ölkəmizin beynəlxalq nüfuzunu artırmaqla yanaşı, turizm sektoruna da əlavə stimul verdi”, – deyə o bildirib.

Çıxışda Azərbaycanın qlobal enerji xəritəsində strateji tərəfdaş kimi çıxış etməsi və bunun turizmə də müsbət təsir göstərməsi xüsusi vurğulanıb. Turizmin iqtisadi və diplomatik vasitə kimi gücləndirilməsi istiqamətində Azərbaycanın beynəlxalq platformalarda fəal iştirakı davam etdiriləcək.