TURİZM

30 May

Azərbaycan qastronomiyasının inkişaf perspektivləri mövzusunda təqdimat keçirilib

Mayın 30-da Dövlət Turizm Agentliyinin (DTA) təşkilatçılığı ilə Azərbaycan qastronomiyasının inkişaf perspektivləri mövzusunda media təqdimatı keçirilib.

Finss.az xəbər verir ki, tədbirdə Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynova son üç il ərzində görülən işlər barədə məlumat verib. Qeyd edib ki, indiyədək ölkənin milli mətbəx potensialının turizm potensialına çevrilməsi istiqamətində çoxşaxəli fəaliyyət icra edilib. Ötən dövr ərzində Azərbaycanı təmsil edən milli komanda yaradılıb və onun Dünya Kulinariya Olimpiadalarında iştirakı təmin olunub. Olimpiadalarda Azərbaycanı uğurla təmsil edən komanda gümüş və bürünc medallara layiq görülüb. Bununla bərabər, işğaldan azad olunmuş ərazilərdə, o cümlədən Şuşa şəhərində qastronomiya tədbirləri və dəyirmi masalar keçirilib. Azərbaycanın şərab turizminin inkişafı ilə bağlı keçirilən tədbirlər çərçivəsində isə regionlarda bir neçə dəfə üzüm və şərab festivalları təşkil olunub. 

DTA-nın sədr müavini A.Hüseynova qarşıdakı illərdə Azərbaycan qastronomiyasının daha da inkişafı üçün həyata keçiriləcək layihələrdən də danışıb. Bildirib ki, Azərbaycan qastronomiyasının qlobal miqyasda brendləşməsi, ölkəmizin regionun qastronomiya mərkəzinə çevrilməsi əsas hədəflərdən biridir. Bunun üçün ilk növbədə yerli səviyyədə keçirilən yarışların regional səviyyəyə qaldırılması və bu istiqamətdə beynəlxalq təşkilatlarla əməkdaşlıq nəzərdə tutulub. Həmçinin qastronomiya sahəsinin liderlərinin regionlara səfəri, beynəlxalq tədbirlərdə milli mətbəxin konseptual tanıtımı təşkil olunacaq. Qastronomiya üzrə beynəlxalq əmtəə nişanlı turizm məhsullarının yaradılması da diqqət mərkəzində saxlanılacaq. Bundan əlavə, işğaldan azad olunmuş ərazilərin qastronomiya potensialının araşdırılması və tanıtımı üçün sistemli tədbirlər təşkil olunacaq.

Sədr müavini söyləyib ki, milli mətbəx və qastronomiyanın Azərbaycan elmində mövqeyinin gücləndirilməsi məqsədilə Azərbaycan Milli Elmlər Akademiyası ilə birgə əməkdaşlıq bundan sonra da davam etdiriləcək. Millidadlar.az onlayn qastronomiya portalı çərçivəsində milli mətbəx və qastronomiyanın tarixi kökləri, həmçinin hekayələri ilə bağlı yeni konsepsiyanın hazırlanması istiqamətində addımlar atılacaq.

A.Hüseynova qeyd edib ki, Azərbaycanda qastronomiya ixtisasının bakalavr pilləsi olmadığı üçün növbəti illərdə bu istiqamətdə də müvafiq işlər görüləcək. Beləliklə, bu sahəyə maraq göstərən şəxslər beynəlxalq təcrübələrə və standartlara əsaslanaraq hazırlanmış proqram əsasında qastronomiya üzrə ali təhsilə yiyələnə biləcəklər. 

Tədbirdə DTA-da Qastroturizm bölümünün rəhbəri Səkinə Əsgərova təqdimatla çıxış edib. 

Tədbirin sonunda jurnalistlərin sualları cavablandırılıb.

Fuad Mədətov
Finss.az