TURİZM

25 Mart

Mart ayında turist sayı azalıb

2025-ci ilin mart ayında Azərbaycana gələn turistlərin sayı, ötən ilin eyni dövrü ilə müqayisədə azalıb. Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasına istinadən verilən məlumata görə, bu barədə qurumun tərkibində fəaliyyət göstərən “Turizm və xidmət üzrə iş Komissiyası”nın növbəti iclasında məlumat verilib.

İclasda 2025-ci ildə turizm sektorunun vəziyyəti və qarşıdakı gözləntilər müzakirə olunub. 2024-cü ildə ölkəyə turist axını 2023-cü il ilə müqayisədə 30% artıb, lakin bu göstərici 2019-cu il səviyyəsinə çatmayıb.

Komissiyanın sədr müavini Ceyhun Aşurov, regional turizmin inkişafı üçün bir sıra təkliflərlə çıxış edib. Onun sözlərinə görə, ölkəyə daha çox turistin gəlməsi üçün əlavə səbəblər yaratmaq vacibdir. C.Aşurov, həmçinin Azərbaycanın 8 beynəlxalq hava limanından yalnız birinin – Bakıdakı Heydər Əliyev Beynəlxalq Aeroportunun effektiv işlədiyini qeyd edərək, regionlarda yerləşən hava limanlarının inkişafının zəruriliyini vurğulayıb.