TURİZM

26 Fevral

Azərbaycana turist axını 4,1% artıb

Bu ilin yanvar ayında Azərbaycana dünyanın 152 ölkəsindən 172,6 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,1 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, 2024-cü ilin yanvar ayı ilə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 7,3 faiz artaraq 5,1 min nəfər, Körfəz ölkələrindən gələnlərin sayı 5,4 faiz azalaraq 33,2 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 4,8 faiz azalaraq 58,4 min nəfər olmuş, digər ölkələrdən gələnlərin sayı isə 17,3 faiz artaraq 75,9 min nəfər təşkil edib.

Ölkəyə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 71,5 faizi hava, 26,4 faizi dəmir yolu və avtomobil, 2,1 faizi isə dəniz nəqliyyatından istifadə edib.

2024-cü ilin yanvar ayı ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 4,3 faiz artaraq 154,1 min nəfər olub. İrana gedən Azərbaycan vətəndaşlarının sayı 36,5 faiz, Gürcüstana gedənlərin sayı 15,1 faiz, Türkiyəyə gedənlərin sayı 2,9 faiz artıb, Rusiyaya gedənlərin sayı isə 27,3 faiz azalıb.

2025-ci ilin yanvar ayında xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 67,7 faizi hava, 29,8 faizi dəmir yolu və avtomobil, 2,5 faizi isə dəniz nəqliyyatından istifadə edib.

Fuad Mədətov
Finss.az