TURİZM

16 Fevral

"14 minə yaxın turist bələdçisi zərər görəcək"

CHP Mersin Millət vəkili Gülcan Kış AKP hökumətinin Türkiyə Böyük Millət Məclisinə təqdim etdiyi qanun təklifində turist bələdçilərinin xarici dil tələbinin qaldırılmasına və tur avtobuslarında bələdçilərin olması öhdəliyinə son qoyulmasına cavab verib.

Fins.az xəbər verir ki, “Turist Bələdçisi Peşəsi Qanunu ilə Səyahət Agentlikləri və Səyahət Agentlikləri Birliyi haqqında Qanuna Dəyişikliklər edilməsinə Dair Təklif” Türkiyə Böyük Millət Məclisi, Bayındırlıq, Rayonlaşdırma, Nəqliyyat və Turizm Komissiyasında müzakirəyə çıxarılıb.

Komissiyada təkliflə bağlı fikirlərini bölüşən CHP Mersin Millət vəkili Gülcan Kış, təklifin bəzi maddələrinin bəzi peşə sahiblərini, xüsusilə də turizm bələdçilərini qurban verəcəyi, peşə səriştəsini azaldacağı və turizmə zərər verəcəyi barədə xəbərdarlıq edib.

Layihənin 10 maddəsinin 6326 saylı Turist Bələdçisi Peşəsi Qanununu, 2 maddəsinin isə 1618 saylı Səyahət Agentlikləri Birliyi Qanununu dəyişdirdiyinə diqqət çəkən Gülcan Kış, “Təbii ki, ilk gündən sektor təmsilçilərindən sıx reaksiyalar var. Türkiyə Böyük Millət Məclisinin çətiri altında sektor nümayəndələri ilə bir araya gəldik, onların fikir və təkliflərini dinlədik. Ancaq görürük ki, hökumət yenidən qanun hazırlayarkən aidiyyatı şəxsləri kənarda qoyub, onlara qulaq asmayıb”.

Turist bələdçilərinin xüsusilə narahat olduğunu ifadə edən Gülcan Kış, müzakirə olunan qanun layihəsinin bu şəkildə qüvvəyə minməsi halında 14 minə yaxın turist bələdçisinin zərər görəcəyini və bunun turizm sektorunda yeni problemlər yaradacağını bildirib.

Günel Məlikzadə
Fins.az