Bu gündən etibarən İndoneziyanın məşhur turizm mərkəzlərindən biri olan Bali adasına gedən xarici turistlər 150 000 rupiah (7,60 avro, 9,60 dollar) ödəyəcəklər. İndoneziya səlahiyyətliləri, sözügedən pulun adanın ətraf mühitini və mədəniyyətini qorumaq üçün istifadə ediləcəyini açıqladı.
Fins.az xəbər verir ki, keçən il Balini 4,8 milyon turist ziyarət edib. Bu il də oxşar rəqəmlər gəlsə, Bali turistlərdən 50 milyon dollara yaxın giriş haqqı alacaq. Bali adasına gedənlər rüsumunu səyahətdən əvvəl Love Bali saytı vasitəsilə həyata keçirə bilərlər.
Qeyd edək ki, rəsmi statistikaya görə, Balinin ən böyük bazarları Avstraliya, Hindistan, Çin və Sinqapurdur.
Günel Məlikzadə
Fins.az