İstanbulun Fatih qəsəbəsindəki oteldə yanğın baş verən zaman böyük çaxnaşma yaşanıb.
Fins.az xəbər verir ki, yanğın Türkiyə saatı ilə 06.45 radələrində Fatih Memar Kemalettin səmtində Şair Fitnat küçəsində yerləşən oteldə baş verib. Əldə edilən məlumata görə, 8 mərtəbəli otelin zirzəmisində naməlum səbəbdən yanğın baş verib. Tüstü sürətlə oteli əhatə edib. Tüstünü görən vətəndaşlar xilasetmə, polis və sağlamlıq qruplarına xəbər verib. Otel işçiləri yanğınsöndürənlərə xəbər verib və içəridə qalan insanların bir qismini öz imkanları ilə təxliyə ediblər. Xəbər verildikdən sonra hadisə yerinə çoxlu polis, yanğınsöndürən və tibbi qruplar göndərilib.
Yanğınsöndürənlərin müdaxiləsi ilə alov söndürülərkən otelin bir hissəsini tüstü bürüyüb. Yanğınsöndürmə briqadalarının köməkliyi ilə aşağı mərtəbələrdə yerləşən otel sakinləri təxliyə edilərkən, yuxarı mərtəbələrdə qalanların bəziləri təşvişə düşüb. Otel sakinlərindən biri panikaya düşüb və otelin 3-cü mərtəbəsindəki otağın pəncərəsindən çarşafları bir-birinə bağlayıb asaraq aşağı düşməyə cəhd edib. Lakin qaçmaq cəhdi uğursuzluğa düçar olan şəxs birbaşa onun altındakı kondisionerin mühərrikinə oturaraq kömək gözləyir. Yanğınsöndürənlərin köməkliyi ilə panikaya düşən şəxs olduğu yerdən çıxarılıb.
Oteli əhatə edən tüstüdən təsirlənən bəzi otel sakinləri hadisə yerində olan sağlamlıq qruplarının ilk müdaxiləsindən sonra xərəyin köməyi ilə təcili yardıma aparılıb. Tüstüdən zərər çəkənlər təcili yardım maşınına mindirilərək xəstəxanaya aparılıb. Əldə edilən məlumata görə, can itkisinin yaşanmadığı hadisədə təxminən 20 nəfər xilasetmə qrupları tərəfindən təxliyə edilib.
Polis qrupları hadisə ilə əlaqədar araşdırma başlatdı.
Günel Məlikzadə
Fins.az