İraqın milli aviadaşıyıcısı Heydər Əliyev Beynəlxalq Aeroportuna daha bir istiqamətdə müntəzəm reyslər yerinə yetirməyə başlayır.
Fins.az xəbər verir ki, 2 fevral tarixindən etibarən “Iraqi Airways” həftədə bir dəfə Kərkük-Bakı-Kərkük marşrutu üzrə uçuşlar həyata keçirəcək.
İraq aviadaşıyıcısının təyyarəsi yerli vaxtla saat 13:37-də Heydər Əliyev Beynəlxalq Aeroportunda uğurla eniş edib.
“Bakı hava limanı bütün sərnişinləri üçün xoş və təhlükəsiz mühit yaratmağa çalışır və geniş xidmət növləri təklif edir. Azərbaycan və İraq arasında hava əlaqələrinin genişləndirilməsi iki ölkə arasında münasibətlərin gələcək inkişafına mühüm töhfə verəcək”, - deyə aeroportunun direktoru Teymur Həsənov bildirib.
Xatırladaq ki, Azərbaycan və İraq paytaxtları arasında ilk birbaşa reys artıq 2023-cü il noyabrın 19-da həyata keçirilib.
Uçuşlar haqqında daha ətraflı məlumatla sərnişinlər aviaşirkətin www.flyiraqiairways.com rəsmi saytında tanış ola bilərlər.
Günel Məlikzadə
Fins.az