Macarıstan hakimiyyəti Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın Budapeştdə keçiriləcək görüşünə hazırlığı davam etdirir.
Sfera.az xəbər verir ki, bu barədə Macarıstanın baş naziri Viktor Orban sammitin baş tutacağına ümid etdiyini bildirib.
"Sülh sammitinə hazırlıq davam edir. Tarix hələ müəyyən edilməyib. Vaxtı gələndə biz onu təşkil edəcəyik" - deyə baş nazir Facebook-da yazıb.
Oktyabrın 16-da Putinlə telefon danışığından sonra Tramp tezliklə Budapeştdə görüşməyə razılaşdıqlarını açıqlayıb. Rusiya prezidentinin köməkçisi Yuri Uşakov da bəyan edib ki, Moskva və Vaşinqton gecikmədən iki ölkə liderləri arasında Macarıstan paytaxtında keçirilə biləcək yeni görüşə hazırlaşmağa başlayacaq.
Orban sammitə hazırlıq üçün təşkilat komitəsinin yaradılmasına göstəriş verib.
Xatırladaq ki, ötən gün Ağ Ev rəsmilərindən biri Macarıstanın paytaxtı Budapeştdə iki həftə sonra keçirilməsi gözlənilən Tramp-Putin zirvəsi ilə bağlı yazılı açıqlama verib. Yüksək rütbəli rəsmi Trampın “yaxın gələcəkdə” Putinlə görüş planlaşdırmadığını bildirib.
Niyaz Hacıyev
Sfera.az