Ukrayna adından Böyük Britaniyada baş tutacaq “Avroviziya-2023” beynəlxalq mahnı müsabiqəsinin keçiriləcəyi namizəd şəhərlərin sayı 2-yə düşüb.
Fins.az “Avroviziya”nın saytına istinadən xəbər verir ki, onlar Qlazqo və Liperpuldur.
Avropa Yayım Birliyi (AYB) bəyan edib ki, məhz bu şəhərlər beynəlxalq müsabiqəni keçirə bilər.
Daha əvvəl mahnı müsabiqəni keçirmək uğrunda 7 şəhər mübarizə aparırdı.
Yekun qərar yaxın günlərdə açıqlanacaq.
Qeyd edək ki, Turində keçirilən 66-cı “Avroviziya” mahnı müsabiqəsində Ukraynanın hip-hop qrupu Kaluş Orchestra “Stefaniya” mahnısı ilə qalib olub. İkinci yeri Böyük Britaniya, üçüncü yeri isə İspaniya tutub. Ənənəyə görə, “Avroviziya” müsabiqədə qalib gələn ölkədə keçirilir. Ukrayna 2023-cü ildə “Avroviziya”ya ev sahibliyi etməyə hazır olduğunu bəyan edib, lakin AYB iştirakçıların təhlükəsizliyinin təmin edilməsində çətinliklər səbəbindən müsabiqənin bu ölkədə keçirilə bilməyəcəyini bildirib. Bununla bağlı AYB Böyük Britaniyada müsabiqə təşkil etmək üçün “BBC” ilə danışıqlara başlayıb və razılıq əldə edib. Böyük Britaniya digər ölkələrdən fərqli olaraq səkkiz dəfə “Avroviziya” mahnı müsabiqəsinə ev sahibliyi edib. Sonuncu dəfə bu müsabiqə Böyük Britaniyada 1998-ci ildə keçirilib.