Azərbaycanda müalicə turizminə investisiya, kompleks xidmətlər göstərən sanatoriyaların yaradılması, habelə brend şəklinə salınıb xarici ölkələrə təşviq edilməsi imkanlarına baxılması təklif olunub.
Fins.az xəbər verir ki, bunu "Tibb biznesində perspektiv imkanlar" mövzusunda keçirilən ictimai müzakirədə çıxış edərkən Kiçik və Orta Biznesin İnkişafı Agentliyin idarə heyətinin sədri Orxan Məmmədov deyib.
"Ölkədə, o cümlədən işğaldan azad edilmiş ərazilərdə müalicə-sağlamlıq turizminin yaradılması və inkişafı üçün təbii ehtiyatlar baxımından böyük imkanlar var. Naftalanın müalicəvi nefti, Naxçıvanın duz mağaraları, Abşeron göllərinin müalicəvi palçıq və suları, Kəlbəcər, Laçın, Şuşa, Lənkəranın, Gədəbəyin mineral suları və s. Xüsusilə qeyd edim ki, Azərbaycanın mineral sularının ümumi geoloji ehtiyatlarının 39.6%-i işğaldan azad olunmuş rayonların payına düşür. Azadlığa qovuşan ərazilərdə böyük müalicə əhəmiyyəti olan 120-dək müxtəlif tərkibli mineral su yataqları var. Dünyada müalicə turizmi sahəsinə maraq il-ildən artdığı kimi, bizdə də bu sahə təşviq edilməli və biznes subyektlərinin bu sahəyə marağı daha da artmalıdır",- deyə Orxan Məmmədov qeyd edib.