TURİZM

07 İyun

Bakının bəzi mərkəzi hotellərində qiymət on dəfəyədək artıb

Bakıda keçiriləcək “Formula-1” Azərbaycan Qran-prisi yarışları ilə əlaqədar paytaxtın mərkəzində yerləşən hotellərdə qiymətlər artıb.

Bunu Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri, Azərbaycan Ekoturizm Assosiasiyasının icraçı direktoru Samir Dübəndi bildirib.

Onun sözlərinə görə, yarışları izləməyə bir sıra Avropa ölkələri və digər ölkələrdən turistlər gəlir. Bu da istər hotellərin, istərsə də kirayə mənzillərin qiymətlərinə təsir edir.

“Monitorinqlərimizə əsasən, yarışın keçiriləcəyi yolun üzərində və yaxınlığında yerləşən şəbəkə hotellərdə yer demək olar ki, yoxdur və satışı dayandırıblar. Beşulduzlu digər hotellərin də bəzilərində qiymət artımı müşahidə olunur. Şəhərin mərkəzində və İçərişəhərdə yerləşən bəzi hotellər adi günlərdəki qiymətlərdən fərqli olaraq yarış günlərinə olan qiyməti hətta on dəfəyədək qaldırıb. Belə yarışlarda hotellərin qiymətinin bahalaşması təbiidir. Bu, bütün dünyada belədir”,- deyə o bildirib.

S.Dübəndi deyib ki, “Formula-1” bahalı idman növü olduğundan bu yarışların fanatları da adətən maddi təminatı yüksək olan şəxslərdir.

“Bu səbəbdən onlar komfortlu və çoxulduzlu hotellərə üstünlük verirlər. Əvvəlki illərdə ölkəmizdə “Formula-1” yarışları keçirilərkən hotellərdə builki qədər qiymət fərqi olmamışdı. Bunun da əsas səbəbi pandemiya vaxtında hotellərdə müştəri azlığı idi. Pandemiya məhdudiyyətləri yumşalandan sonra hazırda turizm bərpa edilir”, - S.Dübəndi qeyd edib.

Qeyd edək ki, “Formula-1” Azərbaycan Qran-prisi 10-12 iyun tarixlərində Bakıda baş tutacaq.