Bu ilin yanvar-aprel aylarında Azərbaycana dünyanın 151 ölkəsindən 330,6 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilir ki, gələnlərin 26,2 %-i Rusiya Federasiyası, 25,3 %-i Türkiyə, 14,7 %-i İran, 6,1 %-i Gürcüstan, 3,2 %-i Ukrayna, 2,6 %-i Səudiyyə Ərəbistanı, 2,4 %-i Birləşmiş Ərəb Əmirlikləri, hər birindən 1,9 % olmaqla Hindistan və Pakistan, 1,5 %-i Qazaxıstan, 1,3 %-i Küveyt, 1,2 %-i Böyük Britaniya, 11,7 %-i digər ölkələrin vətəndaşları olub. Gələnlərin 80,3 %-ni kişilər, 19,7 %-ni qadınlar təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə Omandan gələnlərin sayı 496,5 dəfə, Küveytdən - 138,4 dəfə, Səudiyyə Ərəbistanından - 138,3 dəfə, Bəhreyndən - 54,6 dəfə, Birləşmiş Ərəb Əmirliklərindən - 46,3 dəfə, Pakistandan - 30,4 dəfə, Hindistandan - 18,4 dəfə, İsraildən - 7,3 dəfə, ABŞ-dan - 5,9 dəfə, Qazaxıstandan - 4,1 dəfə, Fransadan - 3,5 dəfə, Almaniyadan - 3,4 dəfə, Ukraynadan - 2,5 dəfə, Böyük Britaniyadan - 2,3 dəfə, Türkiyədən - 1,9 dəfə, İrandan - 1,8 dəfə, Rusiya Federasiyasından - 1,6 dəfə, Gürcüstandan - 14,4 % artıb.
2021-ci ilin yanvar-aprel ayları ilə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 2,7 dəfə artaraq 16 min nəfər, Körfəz ölkələrindən gələnlərin sayı 2,6 dəfə artaraq 73,2 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 1,8 dəfə artaraq 110,7 min nəfər olub.
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 52 %-i hava, 46 %-i dəmir yolu və avtomobil, 2 %-i isə dəniz nəqliyyatından istifadə edib.