Azərbaycanda ekoturizm marşrutlarına ehtiyac var. Amma infrastruktur olmadığından, bunu təklif edə bilmirik.
Bunu açıqlamasında Dövlət Turizm Agentliyinin sektor müdiri Azərbaycan Turizm Bürosunun Turizm məhsulunun inkişafı şöbəsinin direktoru Şərifə Həsənova deyib.
Onun sözlərinə görə, bu istiqamətdə 15 dağ-piyda marşrutu hazırlanıb:
"20-yə yaxın tur agentliyi arasında apardığımız sorğuya əsasən məlum oldu ki, turistlər bizdən daha çox ekoturizm məhsulu istəyirlər. Dünya təcrübəsi göstərir ki, ekoturizmdə ən uğurlu model alp dağ nişanlama sistemidir. Bunu Gürcüstan da həyata keçirir. Artıq Quba-Qusar, Şəki-Qax-Zaqatala və Tovuz-Gədəbəy-Daşkəsən ərazisinin hər birində 5 ədəd belə turizm məhsulumuz var. Burada məqsəd təkcə dağa qalxmaq deyil, eyni zamanda dağ kəndlərində də turizmi inkişaf etdirməkdir.
Bu layihəni bir az da genişləndirmək fikrindəyik. 2021-ci ilin sonu və 2022-ci ilin əvvəllərində Talış dağlarına da eyni cür layihə təqdim edəcəyik. Uzunmüddətli perspektivlə Naxçıvanda da bunu reallaşdırmağı düşünürük.
2022-ci ildə həyata keçirilməsi nəzərdə tutulan digər bir layihə isə Transqafqazdır. Bu layihə Azərbaycanla Gürcüstanı birləşdirəcək. Zaqatalaya qədər olan marşrutu Balakənə qədər çatdırıb, Gürcüstanla birləşdirmək niyyətindəyik".