AZAL sərnişinləri hava nəqliyyatı ilə sərnişin daşımalarının müvəqqəti qaydaları barədə məlumatla və qaydalara edilən dəyişikliklərlə diqqətlə tanış olmağa çağırır.
Daşıma qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Koronavirus pandemiyası (COVID-19) dövründə Azərbaycanda hava nəqliyyatı ilə uçuşların və sərnişin daşımalarının təşkili üzrə müvəqqəti qaydalar” haqqında sənədində təqdim olunur.
Məhdudlaşdırıcı tədbirlər şəraitində uçuşu əminliklə planlaşdırmaq üçün bütün sərnişinlərə səfərdən əvvəl təyinat ölkəsinə daxil olma qaydaları və tələblərini ətraflı öyrənmək tövsiyə olunur. Koronavirus infeksiyasının yayılması səbəbindən yaranan vəziyyətlə əlaqədar bir çox ölkələrdə səyahətçilər üçün karantin məhdudiyyətlərinin tətbiqi davam edir.
Azərbaycana gələn sərnişinlər ölkəyə giriş qaydaları ilə aviaşirkətin rəsmi saytında tanış ola bilərlər: //www.azal.az/az/information/covid-azerbaijan
Xaricdən ölkəyə qayıtdıqda, uçuşdan əvvəl 72 saat ərzində keçirilmiş PCR testinin nəticələri, sərnişində COVID-19 pasportunun (COVID-19-dan tam peyvənd olunduğunu və ya COVID-19-dan sağaldıqdan sonra immunitetin mövcudluğunu təsdiq edən sənəd) olub-olmamasından asılı olmayaraq, tələb olunur. 1 yaşa qədər uşaqlar üçün COVID-19 üçün PCR testinin mənfi nəticəsini təsdiq edən sənəd tələb olunmur.
AZAL həmçinin bütün sərnişinlərə pandemiya ilə əlaqədar tətbiq olunan bütün rəsmiləşdirmə prosedurlarından əvvəlcədən keçmələri üçün uçuşdan üç saat əvvəl hava limanına gəlmələrini tövsiyə edir.