TURİZM

06 İyul

İstirahətə gedənlərin DİQQƏTİNƏ: "Turizm obyektləri qiymətləri xeyli qaldırıb" - DEPUTAT

"Karantin qaydaları yumşaldıqdan sonra dincəlmək üçün bölgələrə getmək istəyənlərin sayında ciddi artımlar müşahidə edilir".

Fins.az məlumat verir ki, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, monitorinqlər göstərir ki, bölgələrdə olan turizm obyektləri qiymətləri pandemiyadan əvvəlki dövr ilə müqayisədə xeyli yüksəldiblər:

"Bu isə məzuniyyətlərini rayonlarda keçirmək istəyənlər üçün ciddi çətinliklər yaradır. Turizm xidmətlərində qiymət artımlarının səbəbləri iqtisadi baxımdan aydın olmasa da, bir sıra sahibkarın pandemiyadan sonra “daha qısa zamanda daha çox gəlir” prinsipi ilə işləməsi danılmazdır. 

İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, turizm gəlirlərinin əhəmiyyətli hissəsi daxili turizmin payına düşür. Avropa Birliyi turizm gəlirlərinin 80 faizini daxili turizm hesabına formalaşdırır. Amma bizdə qiymətlərin yüksəlməsi daxili turizmdə imkanları xeyli məhdudlaşdırır".

Deputat əlavə edib ki, sahibkarların qiymətləri artırmaması, əksinə optimallaşdırması üçün daha çox təşviqedici və həmçinin maarifləndirici tədbirlərin həyata keçirilməsi vacibdir:

"Digər tərəfdən, turizmdə çalışan sahibkarların xərclərinin azaldılması üçün bir sıra Mərkəzi Şərqi Avropa ölkələrində olduğu kimi vergi güzəştləri də daxil olmaqla xüsusi güzəştlərin tətbiq olunması da məqsədə uyğun olar.

Eyni zamanda, qonşu Türkiyədə olduğu kimi ötən əsrin 80-90-cı illərində subsidiyaların verilməsi mexanizminin tətbiqi mümkündür. Bununla da bu sektorda çalışan sahibkarlar xərclərin azaldılmasına nail ola bilər. Amma bütün bunlar fonunda sahibkarların süni şəkildə tələbin artmasını nəzərə alaraq qiymətləri yüksəltməmələri də vacibdir.

Turizmin spesifik sahədə olduğu üçün burada qiymətlərin əlçatan olması vacibdir. Dövlət tərəfindən bu istiqamətdə təşviq mexanizmlərinin genişləndirilməsi, eyni zamanda sahibkarların da korporativ sosial məsuliyyətə uyğun olaraq, daha optimal qiymət təklif etməsinə ehtiyac var ki, vətəndaşlar, xüsusən yay mövsümündə daxili turizmdən faydalanıb istifadə edə bilsinlər".