TURİZM

13 Noyabr

"Buta Airways" İzmirə xüsusi reyslər həyata keçirəcək

"Buta Airways" aşağıbüdcəli aviaşirkəti 6 dekabr tarixindən Bakı-İzmir-Bakı marşrutu üzrə xüsusi reyslər həyata keçirəcək.

Bu istiqamət üzrə uçuşlar həftədə bir dəfə - bazar günləri həyata keçiriləcəkdir.

Ölkədəki epidemioloji vəziyyətlə bağlı tətbiq edilmiş məhdudiyyətləri və qaydaları nəzərə alaraq aviaşirkət biletləri yalnız iki tarif üzrə  təklif edir - "Standart" və "Super".

Belə ki, "Standart" tarifinə (55 avrodan başlayaraq) çəkisi 10 kq-dan artıq olmayan və ölçüləri üç ölçünün cəmi üzrə 158 sm-dən böyük olmayan qeydiyyatdan keçən baqajın daşınması daxildir. "Super" tarifinə  (75 avrodan başlayaraq) çəkisi 23 kq-dan artıq olmayan və ölçüləri üç ölçünün cəmi üzrə 158 sm-dən böyük olmayan qeydiyyatdan keçən baqajın, habelə çəkisi 10 kq-dan çox olmayan və ölçüləri  üç ölçünün cəmi üzrə 118 sm-dən çox olmayan əlavə baqajın daşınması daxildir.

Hər iki tarifə ödənişsiz olaraq yer seçimi və hava limanında qeydiyyat  opsiyaları daxildir. Təyyarəyə özünüzlə əl yükü qismində yalnız qadın əl çantası, kişi portfeli, portativ kompüter çantası (yalnız təyinatı üzrə istifadə edilməlidir) və uşaq qidası götürə bilərsiniz. "Duty Free" mağazalarından alınan əşyalar daxil olmaqla digər əl yükü növləri qadağandır.

Bakı-İzmir-Bakı marşrutu üzrə  biletlər artıq "Buta Airways" aviaşirkətinin rəsmi saytında (“Super” və “Standart” tarifləri üzrə) və rəsmi  agentliklərində (yalnız “Super” tarifi üzrə) mövcuddur.

Pandemiya dövründə qeyd edilən reyslərə  həm gediş, həm gəliş zamanı Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci  Terminalında  xidmət göstəriləcəkdir.

Uçuşa yalnız  Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən akkreditə olunmuş xüsusi laboratoriyalarda koronavirusa (COVID-19-a) dair test verən və nəticəsi neqativ olan sərnişinlər buraxılacaqdır. Testin nəticələri tibbi arayış alındıqdan sonra 48 saat ərzində etibarlıdır.

Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə və ölkədəki epidemioloji vəziyyətlə əlaqədar olaraq sərnişinləri qarşılayan və yola salan vətəndaşlar  aerovağzal binasına buraxılmayacaq.

Xəbərləri və yenilikləri  "Buta Airways"in sosial şəbəkələrdəki rəsmi səhifələrində izləyə bilərsiniz: