Finss.az - Nyu-York ştatının qubernatoru Keti Hokal sağalmaz xəstəlikdən əziyyət çəkən pasiyentlərə tibbi yardımla həyatın könüllü şəkildə sona çatdırılması hüququ verən qanunu imzalayıb.
Qanun pasiyentlərin evtanaziyaya məcbur edilməsinin qarşısını almaq üçün bir sıra qoruyucu mexanizmlər müəyyən edir. Eyni zamanda, tibbi personalın və səhiyyə müəssisələrinin dini və ya etik inanclarına əsaslanaraq bu prosedurda iştirakdan imtina etmək hüququna zəmanət verir.
Sənədə əsasən, prosedurun icrasına dair yekun qərar verildikdən sonra onun həyata keçirilməsinə qədər məcburi beş günlük gözləmə müddəti nəzərdə tutulur. Bundan əlavə, pasiyentin psixi vəziyyətinin qiymətləndirilməsi də icbari şərt hesab olunur.
Qanuna uyğun olaraq, bu hüquq yalnız Nyu-York ştatında yaşayan və gözlənilən ömür müddəti altı aydan az olan pasiyentlərə şamil edilir.
Qubernator Keti Hokal bildirib ki, ştat sağalmaz xəstəliklərdən əziyyət çəkən şəxslərin ləyaqətli şəkildə həyatla vidalaşmaq hüququnu müdafiə edəcək.
Xatırladaq ki, 2017-ci ildə Nyu-York ştatının Apellyasiya Məhkəməsi psixi cəhətdən sağlam, lakin sağalmaz xəstəlikləri olan şəxslərin evtanaziya hüququnun tanınması tələbi ilə qaldırılmış iddianı rədd etmişdi. Həmin qərarda məhkəmə ştatda tibbi yardımla intiharın qanunsuz olduğunu bəyan etmişdi.
Yeni qanunun qüvvəyə minməsi ilə Nyu-York ABŞ-da tibbi yardımla həyatın sona çatdırılmasının leqallaşdırıldığı 13-cü ştat olub. ABŞ-da bu sahədə ilk qanun 1994-cü ildə Oreqon ştatında qəbul edilib.
