Finss.az - Yanıqlar – yüksək temperatur (termiki), kimyəvi, elektrik cərəyanı, radiasiya təsirindən dəri və daha dərin toxumalarının zədələnməsidir. Termiki yanıqlar qaynar maye, buxar, alov və bərk isti səthlərlə təmas, kimyəvi yanıqlar turşular və qələvilərin təsiri, elektrik yanıqları yüksək və ya aşağı gərginlikli cərəyanın bədənə keçməsi nəticəsində yaranır. Radiasion yanıqların yaranma səbəbi isə günəşin ultrabənövşəyi (UV) şüaları, tibbi prosedurlardan və ətraf mühit mənbələrindən ionlaşdırıcı şüalanmanın təsiri ilə bağlıdır.
Yanıqların müalicəsi icbari tibbi sığorta hesabına həyata keçirilir. İlkin tibbi yardım, həkim müayinəsi, müvafiq laborator testlər, ehtiyac olduqda stasionar terapevtik yatış icbari tibbi sığortanın Xidmətlər Zərfi hesabına qarşılanır.
Yüngül yanıqlar poliklinika və ya xəstəxanalarda yanıq şöbəsində, orta dərəcəli yanıqlar müşayiət olunan əlavə xəstəliklər olmadıqda və ya digər xəsarətlər xəstənin ümumi vəziyyətini çətinləşdirmədikdə TƏBİB-in tabeliyindəki tibb müəssisələrinin yanıq şöbələrində, ağır dərəcəli yanıqlar vətəndaşın çatdırıldığı tibb müəssisəsində ilkin reanimasiyadan sonra Nərimanov Tibb Mərkəzinin Yanıq şöbəsində həyata keçirilir.
Yanıqların müayinə prosesi zamanı zədənin dərinliyi və sahəsi qiymətləndirilir və müxtəlif üsullarla bədənin neçə faizinin yandığı təyin edilərək müalicə tədbirləri həyata keçirilir.
Yüngül yanıqların müalicəsi soyutma, antiseptik və yanıq əleyhinə məlhəmlərin tətbiqi, ağrıkəsici vasitələr və bol maye qəbulu ilə aparılır. Ağır yanıqlarda isə stasionar şəraitdə maye və elektrolit balansının bərpası, antibiotiklərin təyini, nekrotik (məhv olmuş) toxumaların cərrahi təmizlənməsi, dərialtı toxumaların transplantasiyası və uzunmüddətli reabilitasiya tələb olunur. Ən yüksək ölüm halları və kontrakturalar (hərəkət məhdudiyyəti) orta-ağır və ağır yanıqlarla əlaqəlidir. Yanıq yaralarından sonrakı kontrakturaların rekonstruktiv cərrahiyyəsi, fizioterapiya müalicəsi, dəri köçürülməsi icbari tibbi sığorta hesabına icra edilir.
Düzgün müalicə olunmayan yanıqlar infeksiyalaşma, şok, orqan çatışmazlığı, çapıq və dəri deformasiyaları, həmçinin psixoloji travmalara səbəb ola bilər.
Yanıq zamanı ilkin yardımın təxirəsalınmadan göstərilməsi həyati əhəmiyyət daşıyır. Yanıq mənbəyini aradan qaldırmaq, dərhal yanmış nahiyəni 10–15 dəqiqə boyunca soyuq su ilə yumaqla soyutmaq (buz tətbiq etmədən), qabarcıqları partlatmamaq və təmiz, steril sarğı tətbiq etmək əsas tədbirlərdir.
Yanıqların qarşısını almaq üçün qaynar mayeləri uşaqlardan uzaq saxlamaq, mətbəx və iş yerlərində təhlükəsizlik tədbirlərinə əməl etmək, elektrik cihazlarını nəm əllə istifadə etməmək, günəşdən qorunmaq və kimyəvi maddələrlə təhlükəsiz davranmaq əsas profilaktik tədbirlərdir.

