Finss.az xəbər verir ki, Avrasiya İqtisadi Birliyinə (AAİ) üzv dövlətlər tibbi cihazların və tibbi avadanlıqların dövriyyəsinin vahid prinsipləri və qaydalarını dəyişdirən protokol imzalayıblar. Bu barədə Avrasiya İqtisadi Komissiyasının mətbuat xidməti çərşənbə axşamı məlumat yayıb.
Yeni protokola əsasən, tibbi cihazların ekspertizası və qeydiyyatı üçün müraciətlər Birlik qanunvericiliyi və ya üzv dövlətin qanunvericiliyi ilə müəyyən edilmiş qaydada 31 dekabr 2027-ci il tarixinədək təqdim edilə bilər. Əvvəlki müddət 31 dekabr 2025-ci il nəzərdə tutulmuşdu və 1 yanvar 2026-cı ildən etibarən tibbi cihazların qeydiyyatı yalnız Birlik qanunvericiliyinə uyğun həyata keçiriləcəkdi.
Sənəd tibbi cihazların ticarəti və dövriyyəsini asanlaşdırmaq, həmçinin üzv dövlətlərdə qanunvericiliyin harmonizasiyasını təmin etmək məqsədini daşıyır. Avrasiya İqtisadi Komissiyası bildirir ki, bu dəyişiklik tibb sektoru üçün müraciət və qeydiyyat proseslərini sadələşdirəcək, həmçinin üzv ölkələrdə tibbi cihaz bazarının inkişafına töhfə verəcək.
