Uşaqlarda sümük-oynaq vərəminin erkən aşkar edilməsinə dair tədqiqat Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu (ETAXİ) və 10 saylı uşaq poliklinikasının mütəxəssisləri İbrahimov R.N. və Eyvazova G.R. tərəfindən aparılıb.
Finss.az xəbər verir ki, tədqiqatçılar mövzunun aktuallığını uşaqlarda sümük və oynaqların müxtəlif səbəblərdən yaranan iltihabi xəstəliklərində klinik əlamətlərin bir-birinə çox oxşaması və bunun diaqnostikanı çətinləşdirməsi ilə izah ediblər.
Araşdırmanın əsas məqsədi sümük-oynaq vərəminin erkən mərhələdə müəyyənləşdirilməsi, uyğun müalicə taktikasının seçilməsi və gələcəkdə əlillik hallarının qarşısının alınması olub.
Mütəxəssislər tədqiqatı ETAXİ-də 2019–2025-ci illər üzrə aparıb və bu müddətdə sümük-oynaq vərəmi diaqnozu qoyulmuş 21 uşağın tibbi göstəriciləri təhlil edilib. Diaqnozun müəyyənləşdirilməsində oynaqlarda ağrı, subfebril temperatur, gecə tərləmələri, arıqlama, öskürək, şişkinlik, axsama və yeriməyin çətinləşməsi kimi əlamətlər əsas klinik meyarlar kimi götürülüb.
Bununla yanaşı, biopsiya materiallarının patohistoloji və bakterioloji müayinələri, tuberkulin diaqnostika, revmoproba, Rayt-Heddelson və Kassoni sınaqları, eləcə də rentgen, KT, MRT və USM kimi şüa diaqnostikası metodları mühüm rol oynayıb.
Anamnez toplanarkən xəstəliyin davametmə müddəti, ümumi və lokal şikayətlər, ailədə vərəm xəstələrinin mövcudluğu, kontakt faktı və daha əvvəl aparılmış müalicə nəzərə alınıb. Araşdırılan 21 xəstədən 5-də (23,8%) vərəm xəstəsi ilə kontakt faktı təsdiqlənib.
Tədqiqatda iştirak edən uşaqlardan 5-də (23,8%) onurğa, 4-də (19,1%) bud-çanaq, 7-də (33,3%) diz oynağı və 5-də (23,8%) digər oynaqların vərəmi aşkarlanıb. Tuberkulin diaqnostika (Diaskin test) bütün pasiyentlərdə müsbət nəticə verib, Quantiferon testi isə 19 nəfərdə (90,1%) pozitiv olub.
Xəstələrin 12-də (57,1%) oynaq punksiyası aparılıb və PZR müayinəsi zamanı 11 uşaqda (52,4%) tuberkulyoz mikobakteriyası (TDM) aşkar edilib. Eyni zamanda 2 pasiyentdə (9,5%) ilkin vərəm kompleksi, 4 pasiyentdə (19,1%) isə ağciyərlərin ocaqlı vərəmi müəyyən olunub. MRT müayinəsi bütün xəstələrdə sümük iliyinin ödemini göstərib və 16 pasiyentdə (76,2%) abses aşkarlanıb.
Tədqiqatın nəticələri göstərib ki, uşaqlarda sümük-oynaq vərəminin erkən diaqnostikasında əməliyyat və biopsiya materiallarının PZR və bakterioloji analizi, tuberkulin testləri, həmçinin MRT və KT müayinələri xüsusi əhəmiyyət kəsb edir.
