Nevroloq Veronika Filonskaya smartfondan həddindən artıq istifadə nəticəsində yaranan asılılığın stressi artırdığını, həmçinin beyin və gözlərin fəaliyyətinə mənfi təsir göstərdiyini bildirib.
Finss.az xəbər verir ki, mütəxəssis bu problemdən xilas olmaq üçün beş vacib tövsiyə təqdim edib.
Həkimin sözlərinə görə, ilk növbədə ehtiyac olmadığı hallarda telefonu kənara qoymaq lazımdır. Yemək zamanı, söhbət edərkən, iş prosesində və xüsusilə də avtomobil idarə edərkən telefondan istifadə həm sağlamlığa, həm də təhlükəsizliyə zərər vurur.
Filonskaya smartfonun yataq otağından çıxarılmasını da vacib amil kimi qeyd edib. Onun fikrincə, ekran işığı yuxu keyfiyyətini aşağı salır və buna görə yatmazdan ən azı iki saat əvvəl bütün cihazların söndürülməsi tövsiyə olunur.
Mütəxəssis əlavə edib ki, stressi azaltmaq və zehni rahatlamaq üçün enerji bərpa edən alternativ fəaliyyətlər seçilməlidir. Boş vaxtı telefonsuz keçirmək, sakit düşünmək və istirahət etmək sinir sisteminə müsbət təsir göstərir və yaradıcılığı artırır.
Nevroloq ekran qarşısında sərf olunan vaxtın məhdudlaşdırılmasını da vacib hesab edir. Onun tövsiyəsinə görə, sosial media istifadəsi gündə yarım saatı keçməməli, vaxtaşırı rəqəmsal detoks həyata keçirilməlidir.
Son olaraq, Filonskaya qeyd edib ki, yayındırıcı amili anlamaq da vacibdir. İnsan özü-özündən soruşmalıdır ki, telefonu nə məqsədlə açır, bu davranış ona nə verir. Əgər nəticələr narahatlıq doğurursa, psixoloqa müraciət etmək məqsədəuyğundur.
