Çin hakimiyyəti yaxın illərdə diaqnostika, müalicə və xəstəliklərin idarə olunmasının səmərəliliyini artırmaq məqsədilə səhiyyə sistemində süni intellekt (AI) texnologiyalarının tətbiqini əhəmiyyətli dərəcədə genişləndirməyi planlaşdırır.
Finss.az xəbər verir ki, bu barədə məlumatı AZƏRTAC “Sinxua” agentliyinə istinadla yayıb.
Dövlət Səhiyyə Komitəsi və daha dörd qurum tərəfindən yayımlanan birgə sənədə əsasən, süni intellekt texnologiyaları 2030-cu ilədək bütün birinci səviyyəli səhiyyə müəssisələrində, o cümlədən icma və kənd sağlamlıq mərkəzlərində tətbiq edilməlidir.
Üçpilləli səhiyyə təsnifatına görə, ikinci və daha yüksək səviyyəli xəstəxanalarda klinik qərar dəstək sistemlərinə əsaslanan ağıllı diaqnostika kimi həllərin istifadəsi tələb olunacaq. Sənəddə həmçinin xəstələrə qulluqda süni intellektin rolunun genişləndirilməsi vurğulanır ki, bu da müalicənin bütün mərhələlərində inteqrasiya olunmuş “ağıllı xidmətlər”in təklifinə şərait yaradacaq.
Bundan başqa, Çin epidemiyaların idarə edilməsinə dair intellektual sistemləri təkmilləşdirməyi də planlaşdırır. Yeni tədbirlər yoluxucu xəstəliklərin qarşısının alınması və monitorinqində real vaxt rejimində qərarların qəbulu üçün operativ dəstək təmin etməyə yönəlib.
