Finss.az - ABŞ-ın biotexnologiya nəhəngi Biogen Şimali Karolinada yerləşən müəssisələrinə 2 milyard dollar həcmində əlavə sərmayə yatıracaq.
Şirkət bu addımı prezident Donald Trampın daxili istehsalı təşviq edən tarif siyasəti fonunda atır.
Yeni investisiya Research Triangle Park ərazisindəki istehsalat sahələrinin genişləndirilməsinə, gen terapiyası üzrə imkanların artırılmasına, qablaşdırma və avtomatlaşdırma xətlərinin təkmilləşdirilməsinə yönələcək. Biogen, həmçinin süni intellekt texnologiyalarını da istehsal prosesinə cəlb etməyi planlaşdırır.
Hazırda Biogen-in Şimali Karolinadakı ümumi investisiya portfeli 10 milyard dolları ötür. Şirkətin bu ştatda 7 zavodu fəaliyyət göstərir, 8-ci müəssisənin isə 2025-ci ilin ikinci yarısında istifadəyə verilməsi gözlənilir.
Qeyd edək ki, Biogen-lə yanaşı, Eli Lilly, Roche və MSD kimi nəhənglər də ABŞ-da istehsala yönəlik yeni sərmayə qərarları açıqlayıblar.