Finss.az - Yeni aparılmış elmi araşdırma göstərir ki, qeyri-invaziv doğuşqabağı test (QİDT) Daun sindromunun (DS) aşkarlanmasında ənənəvi ikinci doğuşqabağı skrininqlə müqayisədə həm dəqiqlik, həm də iqtisadi baxımdan daha üstün nəticələr verir.
Çinli tədqiqatçıların həyata keçirdiyi bu araşdırmada QİDT-in həssaslıq, spesifiklik və müsbət proqnostik dəyər baxımından daha yüksək göstəricilərə malik olduğu müəyyən olunub. Test zamanı yalnış pozitiv və yalnış neqativ nəticələrin də az olması, metodun etibarlılığını bir daha təsdiqləyir.
Müxtəlif yaş qruplarına aid hamilə qadınlar arasında aparılan analizlərə əsasən, QİDT bütün yaş qruplarında yüksək dəqiqlik nümayiş etdirib və ikinci doğuşqabağı skrininqdən hərtərəfli üstün olub.
Tədqiqat nəticələri göstərir ki, QİDT-in tətbiqi invaziv diaqnostik prosedurlara ehtiyacı azaldır və bu da həm tibbi riskləri, həm də səhiyyə sisteminin maliyyə yükünü minimuma endirməyə imkan verir. Mütəxəssislər QİDT-i Daun sindromunun aşkarlanması üçün birinci səviyyəli skrininq üsulu kimi tövsiyə edirlər.
Araşdırmaya görə, QİDT-in tətbiqi zamanı hər bir xərclənən 1 yuan üçün 9,53 yuan dəyərində effektiv nəticə əldə olunur. Beləliklə, QİDT vasitəsilə 163 DS halı müəyyən edilib ki, bu da ikinci skrininqlə müqayisədə daha qənaətcil və nəticəli yanaşmadır.
Mütəxəssislər bildirirlər ki, QİDT-in klinik praktikada geniş tətbiqi doğuşqabağı nəzarətin keyfiyyətini artıracaq, diaqnostik dəqiqliyi yüksəldəcək və səhiyyə resurslarının səmərəli istifadəsini təmin edəcək.