Tibb

24 Fevral

Azərbaycanda ilk dəfə meyit donorun orqanları transplantasiya edilib

Finss.az - Azərbaycan Səhiyyə Nazirliyi ölkədə ilk dəfə meyit donorunun orqanlarının transplantasiya edildiyini açıqlayıb.

Məlumata görə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyindəki Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinə Kliniki Tibbi Mərkəzdə müalicə alan bir pasiyentdə beyin ölümü diaqnozu qoyulub. Bununla əlaqədar olaraq, Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi tərəfindən orqan donorluğu və transplantasiyası prosesinin təşkili və əlaqələndirilməsi tədbirləri həyata keçirilib.

Beyin ölümü diaqnozu qoyulmuş vətəndaşın ailəsi orqanların transplantasiyasına razılıq verib. Meyit donordan götürülən qaraciyər, Mərkəzi Gömrük Hospitalında, tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazıminin rəhbərliyi altında hepatit B və D səbəbiylə qaraciyər sirrozundan əziyyət çəkən, canlı donoru olmayan 12.10.2002-ci il təvəllüdlü Şərifova Mənzər Yaşar qızına transplantasiya edilib.

Eyni zamanda, meyit donordan götürülən gözün buynuz qişası Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində, tibb üzrə fəlsəfə doktoru Cəmil Həsənov və peşəkar tibbi heyət tərəfindən iki resipiyentə transplantasiya olunub. Həmin şəxslərdən biri Zaqatala, digəri isə Füzuli rayonunun sakinidir.

Bu əməliyyatlar yalnız Azərbaycanda deyil, həmçinin Qafqaz regionunda ilk dəfə meyit donordan alınan orqan transplantasiyası əməliyyatları olaraq tarixə düşüb.