Tibb

22 Yanvar

Vedat Bilgin: İqlim dəyişikliyi insan sağlamlığına zərər verir

Finss.az - İqlim dəyişikliyi və onun sağlamlığa təsiri məsələləri fövqəladə haldır.

Bu sözləri TÜRKPA üzv parlamentlərinin Səhiyyə komitələri sədrlərinin ikinci iclasında çıxış edən Türkiyə Böyük Millət Məclisinin Səhiyyə, ailə, əmək və sosial məsələlər komissiyasının sədri Vedat Bilgin deyib. O qeyd edib ki, insan və təbiət arasındakı tarazlığın pozulması, xüsusən müasir dövrdə, iqlim dəyişikliyinə səbəb olur. Xərçəng xəstəliklərinin sürətli yayılmasının da iqlim dəyişiklikləri ilə əlaqəli olduğunu bildirib.

Bilgin, həmçinin, torpağın təbii olmayan gübrələrlə yüklənməsinin ona ziyan vurduğunu və bunun da ümumi ekosistemə mənfi təsir etdiyini vurğulayıb.

Qeyd edək ki, bu gün Bakıda Türkdilli Ölkələrin Parlament Assambleyasına (TÜRKPA) üzv parlamentlərinin Səhiyyə komitələri sədrlərinin ikinci iclası keçirilir.

Zemfira Ms
Finss.az