Tibb

21 Yanvar

Səhiyyə Nazirliyindən meymunçiçəyi ilə bağlı: Yoluxma riskləri və müalicə tövsiyələri

Finss.az - Meymunçiçəyi infeksiyasına yoluxma riski, çoxsaylı cinsi partnyorları olan şəxslər, açıq yara ilə təmasda olanlar, immun çatışmazlığı olan insanlarda daha yüksəkdir.

Bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-infeksionist Təyyar Eyvazov açıqlama verib.

O bildirib ki, virusa yoluxma xəstə heyvan, insan və ya bulaşmış materiallarla təmas nəticəsində baş verir: "Viruslar bədənə zədələnmiş dəri, respirator yollar və ya selikli qişalarla (ağız, burun, göz) daxil olur. Cinsi əlaqə də yoluxma səbəbi ola bilər. Heyvandan insana ötürülmə dişləmə, cırmaqlama, ov ətinin yeyilməsi və ya bədən mayeləri ilə təmas nəticəsində baş verir".

Təyyar Eyvazov qeyd edib ki, xəstəlik əksər sağlam insanlarda yüngül keçir: "Kiçik yaşlı uşaqlar, hamilə qadınlar, immun çatışmazlığı olan şəxslər xəstəliyi daha ağır keçirə bilər".

İnfeksionist bildirib ki, M.pox infeksiyası 5-21 gün gizli dövrdən sonra başlayır: "İlk günlərdə qızdırma, baş ağrısı, limfadenopatiya, bel və əzələ ağrıları, güclü asteniya və digər simptomlar görünür. Dəri səpgiləri qızdırma başlandıqdan sonra 1-3 gün ərzində müşahidə edilir. Səpgilər üz, ətraflar və digər nahiyələrdə cəmləşir".

Xəstəliyin müalicəsi üçün hospitalizasiya tələb olunmayan xəstələr evdə izolyasiya olunmalıdırlar. Xəstələr tibbi maska taxmalı, digər insanlarla təmasdan çəkinməlidirlər. Əl gigiyenasına ciddi riayət edilməli, çirklənmiş səthlər təmizlənməlidir.

Təyyar Eyvazov meymunçiçəyi ilə suçiçəyi xəstəliyi arasındakı fərqlərə də toxunub: "Suçiçəyində limfadenopatiya səciyyəvi deyil. Səpgilər daha çox mərkəzdə cəmləşir və asanlıqla partlayır. Səpki çox qaşıntılıdır və polimorfdur".

Zemfira Ms
Finss.az