Tibb

21 Yanvar

Pediatrdan mövsümi viruslardan qorunmaq üçün tövsiyələr

Finss.az - Mövsümi virus infeksiyalarından qorunmaq məqsədilə müəyyən qaydalara əməl etmək vacibdir. Bu barədə pediatr Regina Nemətova danışıb.

Pediatr qeyd edib ki, hətta ən keyfiyyətli dərman preparatları da təmiz və nəmləndirilmiş hava qədər viruslara qarşı təsirli deyil. Uşaq bağçaları, məktəblər və digər uşaqların sıx olduğu yerlərdə otaqlar mütəmadi olaraq havalandırılmalı, xüsusilə istilik mövsümündə tənəffüs yollarının selikli qişalarının qurumasının qarşısını almaq üçün nəmləndirici cihazlardan istifadə edilməlidir. Şəxsi gigiyena qaydalarına riayət etmək də infeksiyaların qarşısını almaqda mühüm rol oynayır.

Nemətova, uşaqların kütləvi toplanma yerlərindən uzaq tutulmasını və kəskin respirator infeksiyalar dövründə maska istifadəsini tövsiyə edib. O, qrip virusuna qarşı peyvənd olunmanın vacibliyini də vurğulayıb: "Səhiyyə Nazirliyi tərəfindən ölkəmizə gətirilən qrip əleyhinə vaksinlər dünya protokollarına uyğun olaraq təhlükəsizliyi və effektivliyi sübuta yetirilmişdir. Respirator xəstəliklərə görə yüksək risk qrupuna aid olan səhiyyə işçiləri, hamilə qadınlar və xroniki tənəffüs xəstəlikləri olan şəxslərin qripə qarşı peyvənd olunması xüsusilə vacibdir."

Pediatr sonda qrip peyvəndinin təhlükəsiz olduğunu və uşaqlar üçün istifadəyə icazə verildiyini bildirib.