Ambulator müalicədə istifadə edilən dərmanlar gələn ilin ikinci yarısından etibarən icbari tibbi sığorta paketinə daxil ediləcək.
Finss.az xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev ilin yekunlarına dair keçirilən mətbuat konfransında bildirib.
Sədr qeyd edib ki, ambulator dərman təminatı üçün ilin ilk 6 ayında 40 milyon manat vəsait ayrılması planlaşdırılıb. Həmçinin, "Tibbi sığorta haqqında" qanun Milli Məclisdə 3-cü oxunuşdan keçib.
Gələn il üçün Xidmətlər Zərfinin genişləndirilməsi də nəzərdə tutulub. Siyahıya beyin və boyun anevrizmalarının endovaskulyar üsullarla müalicəsi, lazer ablasiya, kəllə sümüklərinə metal lövhələrin yerləşdirilməsi, ventrikulyar şuntların tətbiqi və digər kompleks tibbi prosedurlar daxildir.
Onkoloji xəstəliklərin diaqnostikasında istifadə olunan Pozitron emissiya tomoqrafiyasının da Xidmətlər Zərfinə əlavə edilməsi müzakirə olunur.
Zaur Əliyev əlavə edib ki, tibbi xidmətlərə müraciətlərin sayı ötən illə müqayisədə 9% artaraq 22 milyonu keçib.