Tibb

19 Avqust

Formula 1 Azərbaycan Qran-Prisi 2024: könüllülərin hazırlığı davam edir

Builki Formula 1 Qatar Airways Azərbaycan Qran Prisinə könüllülərin hazırlığı davam edir. Könüllərin yarışa hazırlanması Bakı Şəhər Halqası Akademiyası tərəfindən genişmiqyaslı təlimlər əsasında həyata keçirilir.

Finss.az xəbər verir ki, təlimlərdə gənclərin yarışa yüksək hazırlığı ilə yanaşı, onların şəxsi inkişafına da xüsusi diqqət göstərilir. Burada könüllülər yaradıcı və lateral düşüncə, karyera planlaşdırılması, müxtəliflik və inteqrasiya mövzularında panel müzakirələrdə, intellektual oyunlarda fəal iştirak edirlər. Təlimlər bir neçə mərhələdən ibarət olmaqla  iştirakçıların peşəkar bacarıqlarını inkişaf etdirir, eyni zamanda onlara yeni biliklər qazandırır.

Qeyd edək ki,  bu il könüllü müraciəti rekord həddə çatıb. Belə ki, beynəlxalq nüfuzlu yarışda iştirak etmək üçün 4 gün ərzində 16 mindən çox namizədin müraciəti qeydə alınıb ki, onlardan 2000-dən çoxunun tədbirə cəlb olunması nəzərdə tutulur. Bakı yarışına qatılan könüllülərin  sırasında 100-dən çoxu dünyanın fərqli qitələrindən müraciət edən xarici ölkə vətəndaşlarıdır. Digər maraqlı fakt isə könüllərin  69 faizinin məhz qadın olmasıdır.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin İnsan Resursları və İşçi Qüvvəsinin rəhbəri İranə Əhmədova: “Builki müraciətlərin sayı ötən illə müqayisədə əhəmiyyətli dərəcədə artıb. Beynəlxalq və yerli könüllülərin hazırlığı müasir tələblərə cavab verən təlimlər və peşəkar inkişaf imkanları yaradır. Qeyd edim ki, Bakı Şəhər Halqasına müraciət edən gənclərin seçimi müxtəlif mərhələlərdən ibarətdir, onların bilik və bacarıqları müxtəlif kriteriyalar əsasında qiymətləndirilir. ” – deyə vurğulayıb.

Xatırladaq ki, builki Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi  13-15 sentyabr tarixlərində baş tutacaq. Paytaxt Bakı həyəcanlı idman yarışına artıq səkkizinci dəfə ev sahibliyi edəcək.


Zemfira Ms
Finss.az