Tibb

13 Avqust

Green Talk: Rumıniyalı professorun "Yaşıl marketinqin dayanıqlı inkişafda rolu" mövzusunda seminarı keçirilib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “Green Talk” layihəsi çərçivəsində növbəti görüş təşkil olunub. Rumıniyanın Tibb, Əczaçılıq, Elm və Texnologiya Universitetinin İqtisadiyyat və Hüquq fakültəsinin professoru xanım Manuela Rozalia Gabor  Mərkəzin əməkdaşları və “İslahat Könüllüləri” təşkilatının üzvləri qarşısında “Yaşıl marketinq” mövzusunda  çıxış edib.

Finss.az xəbər verir ki, professor Avropa və xüsusilə Rumıniya təcrübəsi əsasında “yaşıl inkişaf” istiqamətində görülən işlərdən və bu sahədə aparılan tədqiqatlardan danışıb. Professor qeyd edib ki, transmilli şirkətlər son illər öz marketinq kampaniyalarında ekoloji şüarlardan, ətraf mühit mövzularından geniş istifadə edərək istehlakçıların nəzərində “təbiət dostu” imicini formalaşdırmağa çalışır. Ancaq məhsulların istehsal şəraiti və istifadə olunan materiallara diqqət yetirdikdə karbon emissiyasının miqdarının və zərərli tullantıların həcminin böyük olduğu ortaya çıxır. Daha sonar qonaq professor “yaşıl yuma” anlayışının izahını verərək bununla bağlı Rumıniyada apardıqları tədqiqatın nəticələrini təqdim edib.

Görüşdə dairəvi iqtisadiyyatın sahələri, tullantıların təkrar emalı, “yaşıl” qablaşdırma barədə müzakirələr aparılıb. Manuela Rozalia Gabor ekoturizmdən də söz açıb, bəzi ölkələrə turist axınının karbon emissiyasını artırdığını bildirib, Avropada ekoturizmin inkişafı ilə bağlı görülən işlərə toxunub. Görüş zamanı aparılan müzakirələrin nəticəsi olaraq  tərəflər “yaşıl iqtisadiyyat” mövzusunda əməkdaşlığı dərinləşdirmək, birgə tədqiqatlar aparmaq barədə ortaq fikrə gəliblər. Sonda könüllülərin sualları cavablandırılıb.

Qeyd edək ki, "Green Talk" layihəsinin əsas məqsədi “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ölkədə “yaşıl” düşüncənin formalaşmasına dəstək olmaqdır.

Zemfira Ms
Finss.az