Tibb

01 Avqust

Meksika mətbuatında Azərbaycanın ev sahibliyi edəcəyi COP29 tədbirindən bəhs edilib

Meksikanın tanınmış “Milenio” qəzetində Meksika Milli Muxtar Universitetinin professoru Talya İşcanın müəllifliyi ilə Azərbaycanın ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cu Tərəflər Konfransı (COP29) haqqında məqalə dərc edilib.

Azərbaycanın Meksikadakı səfirliyindən Fins.az-a bildirilib ki, məqalədə COP29-un noyabrda Bakıda keçiriləcəyi və bu tədbirin iqlim dəyişikliyi ilə qlobal mübarizədə mühüm mərhələ olduğu vurğulanıb. Müəllif Azərbaycanın davamlılığa və az karbonlu iqtisadiyyata keçidə güclü sadiqlik nümayiş etdirdiyini qeyd edib.

Məqalədə Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizədə aktiv rolu və beynəlxalq ictimaiyyətin dəstəyini əldə etməsi sevindirici hal kimi qeyd olunub. Professor, ölkəmizin neft sənayesində liderlik etməsinə baxmayaraq, iqlim dəyişikliyi probleminə ciddi yanaşmasının ümid yaratdığını bildirib. Azərbaycan hökumətinin bərpa olunan enerjiyə, xüsusən də günəş və külək enerjisinə sərmayə qoyduğunu və bu sahədə mühüm irəliləyişlər əldə etdiyini vurğulayıb.

Məqalədə Xəzər dənizinin külək enerjisi potensialının təxminən 157 GVt olduğu və Azərbaycanın bərpa olunan enerji mənbələri baxımından böyük potensiala malik olduğu qeyd edilib. Müəllif, Azərbaycanın 2030-cu ilə qədər ümumi enerji balansında bərpa olunan enerji üzrə qoyuluş gücü payının ən azı 30 faizə çatdırılması strategiyasına diqqət çəkib.

Müəllif, həmçinin, Meksikanın iqlim dəyişikliyi mövzusundakı mövqeyinə və yeni seçilmiş prezident Klaudiya Şeynbaumun bu sahədəki fəallığına toxunub. Meksikanın Azərbaycanla ikitərəfli münasibətlərini nəzərə alaraq iqlim dəyişikliyi ilə mübarizədə fəal iştirak edəcəyini bildirib.

Məqalədə inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan ölkələrə adekvat maliyyələşdirmə yardımının vacibliyi də vurğulanıb. COP29-un gündəliyinə iqlim maliyyələşdirilməsi mexanizmləri, Paris Sazişinin icrası və istixana qazları emissiyalarının azaldılması naminə beynəlxalq əməkdaşlıq mövzularının daxil ediləcəyi gözlənilir.

Sonda müəllif Azərbaycan və Meksika arasında münasibətlərin möhkəmləndiyini və davamlılıq layihələri üzrə əməkdaşlığın hər iki ölkəyə fayda verə biləcəyini qeyd edib. COP29-un ölkələr üçün iqlim mövzusuna sadiqliyi gücləndirmək və innovativ həllər üzərində əməkdaşlıq etmək üçün əvəzolunmaz fürsət olduğunu bildirib.

Kaira Ağayeva

Fins.az