Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) təşkilatçılığı, "Azercosmos", "4-cü Sənaye İnqlabının Təhlili və Koordinasiya Mərkəzinin", "İnnovasiyalar Mərkəzi"nin rəsmi tərəfdaşlığı ilə ölkəmizdə ilk “iFest” İnnovasiya və Texnologiya Festivalı baş tutub.
Fins.az xəbər verir ki, layihənin əsas məqsədi texnologiya şirkətlərinin tanıtımını etmək, startapların inkişafına dəstək olmaq, onların maliyyə imkanlarına çıxışını təmin etmək və nümayişini həyata keçirməkdir.
Festivalın rəsmi açılış mərasimində açılış nitqini Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının İdarə Heyətinin sədri Nigar Ələsgərova edib. Daha sonra tədbirin rəsmi qonaqlarından olan Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, “4-cü Sənaye İnqlabının Təhlili və Koordinasiya Mərkəzi”nin icraçı direktoru Fariz Cəfərov, COP29-un İqlim üzrə Yüksək Səviyyəli Çempionu Nigar Arpadarai, “İnnovasiyalar Mərkəzi”nin direktoru Vüsal Rüstəmov, Kapital Bankın “Korporativ KOS rəqəmsal məhsullar” şöbəsi üzrə sahə lideri Xanım Rüstəmova, “SABAH.HUB” şirkətinin İdarə Heyətinin üzvü Orxan Abbasov çıxış edib.
Rəsmi açılış mərasimindən sonra “Gələcəyin İnnovasiyası: Texnologiyaya istiqamət verən Trendlər və Strategiyalar” və “COP29 və İnnovasiya: Dayanıqlı Gələcək üçün İnnovativ Həllər” mövzularında panel müzakirələri start götürüb.
1-ci panel müzakirəsi “Destec Group” şirkətinin İdarə Heyətinin sədri Sakit Səmədovun moderatorluğu ilə həyata keçirilib. Paneldə spiker qismində "Innovation Management and Triz Institute"un direktoru Ali Kutvan, "Bilgiyi Ticarileştirme Merkezi"nin icraçı direktoru İbrahim Elbaşı və Kapital Bankın “Kiçik və Orta Sahibkarlarla İş” Departamentinin satış şöbəsinin müdiri Rəşad Babayev çıxış ediblər.
2-ci panel müzakirəsi "Smartnation" İnsan İnkişafı Platformasının rəhbəri, COP29 Təşkilat Komitəsinin üzvü Şəbnəm Məmmədovanın moderatorluğu ilə həyata keçirilib. Paneldə spiker qismində Türkiyə Dayanıqlı Gələcək Komissiyası, Türk Dünyası Tarım Birliyinin sədri Doğan Başaran, "Bulutistan" - Mərkəzi Asiya, Azərbaycan və Gürcüstan ölkə müdiri Samir Nuriyev, nnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin “Startap Ekosisteminin quruculuğu” şöbəsinin müdiri Camal Ağayev çıxış ediblər.
Daha sonra festival 10 innovasiya və texnologiya şirkəti və 30 startapın sərgisi, investor görüşləri (pitching), "Startap Forum"un təqdimatı, texnoloji şoular ilə davam edib.
Məlumat üçün bildirək ki, tədbirə 1000-ə yaxın ziyarətçi qatılıb.
Silsiləvi xarakter daşıyan festival bu il COP 29`a həsr olunur və “Yaşıl texnologiya-yaşıl dünya naminə” şüarı ilə keçirilir.
Xatırladaq ki, ölkənin ilk bankı Kapital Bank iFest`in baş sponsoru, "Wolt Azerbaijan", "Ofisait", "Holberton School Azerbaijan", "XCO Technology", "Code and More" isə dəstəkçilərdir.
Fuad Mədətov
Fins.az