Financial Chain Corporation-nın İdarəedici Tərəfdaşı, Caspian Energy Club Czechia-nın İdarə Heyətinin sədri Zaur Qədirov mediaya müsahibə verib.
Fins.az xəbər verir ki, sədrin sözlərinə görə, 16-17 May, 2024 tarixində Çexiya Respublikasının paytaxtı Praqada 18 spikerin yer aldığı Caspian İnvestisiya Forumuna sayılı günlər qalır. Praqa Konqres Mərkəzində keçiriləcək beynəlxalq tədbirdə Azərbaycan, Çexiya, Türkiyə və s. ölkələrin şirkət və müəssisələrinin nümayəndələri iştirak edəcək. İlk dəfə rekord sayda spikerin qatılacağı tədbirin məqsədi ölkələr arasında işgüzar əlaqələrin genişləndirilməsi, yeni investisiyalar və əməkdaşlıq imkanlarının yaradılması, müxtəlif ölkələrin biznes mühiti haqqında fikir mübadilələrinin aparılmasıdır. Həm dövlət qurumlarının nümayəndələri, həm də biznes mühitinin perspektivli tərəfdaşlarının iştirak edəcəyi forumun təşkilatçıları Joint Bridges, Caspian Energy Club Czechia, Platinum Sponsoru Financial Chain Corporation, rəsmi dəstək Azərbaycan Respublikasının Çex Respublikasındakı səfirliyi, Türkiyə Respublikasının Çex Respublikasındakı Səfirliyi, Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi, sponsorları Energazer, Philips şirkətləri, tərəfdaşı isə Evintel şirkətidir.
“Möhtəşəm bir tədbirə hazırlaşırıq. Caspian Investment Forum Prague 2024 iştirakçı şirkətlərin öz xidmətlərini təqdim etmələri və əlaqələr yarada bilmələri üçün çox əhəmiyyətli olacaq. Tədbirin araya-ərsəyə gəlməsi üçün göstərdikləri dəstəyə görə Azərbaycan Respublikasının Çexiya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Adış Məmmədova, Türkiyə Respublikasının Çexiya Respublikasındakı səfiri Egemen Bağışa, Çexiya Respublikasının Sənaye və Ticarət Nazirliyinin Xarici İqtisadi Siyasət Departamentinin direktoru Martin Pospisilə, Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinə, sponsorlar Joint Bridges, Energazer, Philips, Evintel və xüsusilə Caspian Energy Club-a dərin təşəkkürümüzü bildiririk”, - Caspian Energy Club Czechia-nın İdarə Heyətinin sədri Zaur Qədirov vurğulayıb.
“Caspian Energy Club-ın Çexiyadakı rəsmi nümayəndəsi olan Caspian Energy Club Czechia fəaliyyətini genişləndirməkdə davam edir. İş adamlarının səmərəli netvörkinqdə əhəmiyyəti danılmaz olan Caspian Energy Club-ın cari il ərzində keçirdiyi tədbirlərin əsas mövzuları biznes mühitinin yeni imkanları və perspektivləri, yaşıl enerji, Avropanın enerji təhlükəsizliyi, texnoloji tərəqqi və rəqəmsallaşma, eləcə də investisiya potensialı, investisiyaların cəlb edilməsi, müxtəlif ölkələrlə ticarətin şaxələnməsi və s. olub. Bu da öz növbəsində qeyd edilən prioritet mövzular ətrafında fikir mübadilələrinin aparılmasında heç şübhəsiz müstəsna rol oynayıb”, - Caspian Energy Club Czechia-nın İdarə Heyətinin sədri Zaur Qədirov qeyd edib.
Zaur Qədirov həmçinin əlavə edib ki, Caspian Investment Forum 2024 Prague-da turbulent dövrlərdə mikroiqtisadi dinamika, geosiyasi böhranda proqnozlaşdırma, Ukrayna və Orta Şərqdə baş verən hərbi əməliyyatların fonunda biznes mühiti, inkişaf və yeni çağırışlar, Mərkəzi Avropa iqtisadiyyatı, inflyasiya, yeni imkanlar, əməkdaşlıq və s. aktual mövzularda fikirlər səsləndiriləcək.
“Ümidvarıq ki, 18-ci Beynəlxalq “Caspian Investment Forum 2024 Prague” investisiya və biznes mühitinin təkmilləşdirilməsi, həmçinin dialoqların stimullaşdırılmasına xidmət edəcək. Ölkələrimiz arasında iqtisadi münasibətlərin və əməkdaşlığın inkişafına öz töhfəsini verəcək, investisiya sahəsində səmərəli tərəfdaşlığa, uğurla reallaşdırılacaq birgə təşəbbüslərə zəmin yaradacaq”, - Zaur Qədirov musahibəsini tamamlayıb.
Caspian Energy Club dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən dinamik və inkişaf edən regional təşkilatdır. Biznes-hökümət dialoqunun fəal iştirakçısı olan Caspian Energy Club-un əsas məqsədi Azərbaycanda və Caspian Energy Club-un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.
Biznes-networking üçün beynəlxalq platforma olan Caspian Energy Club mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir.
Mənzil-qərargahı Bakıda yerləşən Caspian Energy Club-un əsas fəaliyyəti Mərkəzi Dəhliz ölkələrini əhatə edir. Klubun həmçinin Almaniya, BƏƏ, Böyük Britaniya, Çexiya, Estoniya, Finlandiya, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Latviya, Özbəkistan, Polşa, Türkiyədə rəsmi nümayəndəlikləri, habelə dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.
Caspian Energy Club International 2023-cü ildə Caspian Energy Club-un beynəlxalq layihələrini idarə etmək məqsədi ilə yaradılmışdır. 5 il ərzində Caspian Energy Club International dünyanın 100 ölkəsində klubun fiziki ofislərini açmağı planlaşdırır. Caspian Energy Club International-ın əsas öhdəliklərindən biri nümayəndələrin təyin olunmadığı ölkələrdə klubun fəaliyyətini idarə etmək, eləcə də, bütün xarici nümayəndəliklər üçün ümumi strategiyanın formalaşdırılmasıdır.