17 Oktyabr

Uşaqlar bağçada necə qidalanmalıdır?

Bağçalarda uşaqlara verilən qidaların keyfiyyəti və tərkibi valideynlərin ən çox diqqət yetirdiyi mövzulardandır. Bu məsələ uşaqların sağlam inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır. Bəs bğçalarda uşaqların qida rasionu necə olmalıdır?

 

Sfera.az xəbər verir kiqida texnoloqu Ağa Salamov Metbuat.az-a açıqlamasında bildirib ki, bağçalarda uşaqlara yemək verilməzdən əvvəl tərbiyəçilər tərəfindən sağlam qidalanma ilə bağlı maarifləndirici söhbətlər aparılmalıdır:

 

“Bunun üçün xüsusi mütəxəssis olmağa ehtiyac yoxdur. Sadəcə uşaqlara başa salmaq lazımdır ki, hansı qidalar onların sağlamlığı üçün faydalıdır, niyə tərəvəz və yarmaları yeməlidirlər. Amma indi çox vaxt tərbiyəçilər sadəcə yeməyi uşağın qarşısına qoyur və gedirlər, bu da düzgün yanaşma deyil”.

 

Ekspert uşaqların gündəlik menyusunda bəzi qidaların mütləq yer almalı olduğunu vurğulayıb:

 

“Əvvəllər bağçalarda uşaqlara kisel və ya kompot verilirdi. Bu, çox vacibdir, çünki mövsüm meyvələrindən hazırlanmış kompot həm vitamin, həm də mineral baxımından zəngindir. Üstəlik, meyvə hissəsini də yeyəndə uşaq lif qəbul etmiş olur ki, bu da həzm sistemi üçün çox faydalıdır. Menyuda yarmalar – qarabaşaq, bulqur, brokoli, gül kələm kimi qarnirlər mütləq şəkildə olmalıdır. Onlar həm enerji mənbəyidir, həm də bağırsaqlar üçün faydalıdır. Bununla yanaşı, uşaqların qidasında zülal tərkibli yeməklər də vacibdir”.

 

A.Salamov əlavə edib ki, bəzi ölkələrdə, məsələn Almaniyada, uşaqlara qidaları öyrətmək üçün maraqlı metodlardan istifadə olunur:

 

“Orada uşaqlara yeməkləri mahnı formasında təqdim edirlər. Məsələn, "bu gün balıq günüdür" və ya "bu gün ət günüdür" kimi mahnılarla uşaqlar həm əylənir, həm də öyrənirlər. Bizdə də bu cür maarifləndirmə üsulları tətbiq olunsa, uşaqların qidalanmaya münasibəti dəyişərdi. Çox vaxt bağçalarda balıq verməkdən çəkinirlər, amma balığın saxlanma və bişirilmə qaydalarına düzgün əməl olunarsa, heç bir təhlükə yoxdur. Balıq, toyuq və ət məhsulları Omeqa-3, B12 vitamini və faydalı yağ turşuları ilə zəngindir və mütəmadi şəkildə menyuda yer almalıdır”.